Azərbaycanla sərhədin Rusiya tərəfində sərhəd-keçid məntəqəsinin yenidənqurulması bu ilin sonunadək başa çatacaq. Bunu bu gün Bakıda keçirilən Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Bu ilin dördüncü rübündə Azərbaycanla sərhədin Rusiya tərəfində sərhəd-keçid məntəqəsinin yenidənqurulmasının başa çatdırılması, həmçinin keçid zolaqlarının sayının artırılması planlaşdırılır”, - deyə o bildirib.
A.Overçukun sözlərinə görə, tərəflər ticari-iqtisadi əməkdaşlığın inkişafı üzərində işi davam etdirəcəklər.
“Bu il ərzində Rusiya və Azərbaycan müxtəlif fəaliyyət sahələrinə təsir edəcək bir sıra tədbirlər keçirəcək. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində fəal işi davam etdirmək lazımdır”, - deyə Rusiya baş nazirinin müavini bildirib.
A.Overçuk Azərbaycanda çoxlu sayda Rusiya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib. O vurğulayıb ki, bu ilin ikinci rübündə Cəbrayılın “Araz Vadisi İqtisadi Zonası”nda Rusiyanın “KamAz” şirkətinin servis mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
Baş nazirin müavini əlavə edib ki, Bakı və Moskvanın enerji sektorunda sabit əməkdaşlığı saxlaması vacibdir. “Biz enerji sahəsində əməkdaşlığa hazırıq. Rusiya enerji infrastrukturunun modernləşdirilməsində Azərbaycana kömək edə bilər. Rusiyanın bu sahədə böyük təcrübəsi var. Bundan başqa, biz Bakıda keçiriləcək 11-ci Regionlararası Forum çərçivəsində yenidən görüşəcəyimizi və cari layihələrin müzakirəsini davam etdirəcəyimizi gözləyirik”, - deyə A.Overçuk bildirib.*
E.Şəfiyev