12.05.2022 17:32

DGK yanvar-aprel aylarında dövlət büdcəsinə vergi və rüsum köçürmələrini 25% artırıb

Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 1 milyard 641 milyon 440,6 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.

Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-aprel aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 milyard 347 milyon 885,6 min manat təşkil edib. Beləliklə, 2022-ci ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 24,9% artıb.

Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 169 milyon 523,6 min manat (artım 31,6%), aksizlər üzrə 39 milyon 858,1 min manat (azalma 22%), yol vergisi üzrə 16 milyon 777 min manat (artım 20,9%) təşkil edib.

Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 410 milyon 281,8 min manat (artım 13,8%) məbləğində olub.

2022-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4,26 milyard manat təşkil edir.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.