Yaxın günlərdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) xüsusi missiyası Azərbaycanın azad edilmiş ərazilərinə səfər edəcək. Bunu ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumata görə, ICESCO-nun baş direktoru cari səfəri çərçivəsində Azərbaycanda təşkilatın regional ofisinin açılışı ilə bağlı müvafiq sənədin imzalanacağını qeyd edib. O, Şuşa şəhərində keçiriləcək konfransda iştirak edəcəyini də diqqətə çatdırıb.
Salim bin Məhəmməd əl-Maliki Azərbaycanın ICESCO-nun fəaliyyətini hər zaman dəstəklədiyini vurğulayıb və ölkənin təşkilatın işinə verdiyi töhfəni təqdir edib.
Öz növbəsində, Ceyhun Bayramov Azərbaycanla ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib.
Nazir Azərbaycan hökuməti tərəfindən ölkə ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqətin ayrıldığını qeyd edib, həmsöhbətinin diqqətini xüsusilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının tarixi-mədəni irsinin məqsədli dağıdılması faktına yönəldib.
O, hazırda azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, o cümlədən tarixi, dini və mədəni abidələrin ilkin inventarlaşdırılması və mühafizəsi tədbirlərindən danışıb.
Məlumata görə, Ceyhun Bayramov, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəklədiyini minnətdarlıqla ifadə edib.
Görüşdə tərəflər ICESCO-Azərbaycan əməkdaşlığının perspektivləri, o cümlədən müxtəlif proqramların həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.*
R.Kərimov