Prezident İlham Əliyev bəyan edib ki, Bakı Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsi kimi görmək istəyir.
“Biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik”, - deyə dövlət başçısı bu gün Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə danışıqlardan sonra bildirib.
O hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. “Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır”, - deyə İ.Əliyev vurğulayıb.
“Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. Ümid edirik ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq”, - deyə prezident qeyd edib.*
R.Kərimov