Bazar ertəsi Tehranda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun 4-cü iclası keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.
“Tehranda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun 4-cü iclası başlayıb. Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir”, - diplomatik missiyadan vurğulanıb.
Xəzərin hüquqi statusuna dair Konvensiya 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanıb. Konvensiyanın iştirakçıları Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandır.
Sənəd Xəzər dənizinin istifadəsi ilə bağlı sahilyanı dövlətlərin hüquq və vəzifələrini müəyyən edir.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının reallaşdırılması üzrə İşçi Qrupun birinci görüşü 2019-cu il fevralın 19-20-də Bakıda, ikinci görüşü 2019-cu il aprelin 16-17-də Nur-Sultanda, üçüncü görüşü 2021-ci il fevralın 8-9-da Moskvada keçirilib.**
E.Şəfiyev