Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri ilə keçirilən görüş barədə məlumat verib.
“Azərbaycan prezidenti mayın 23-də Türkiyə prezidentinə zəng edib. Dövlət başçısı mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib”, - Azərbaycan liderinin Mətbuat Xidmətindən məlumat verilir.
Əliyev qeyd edib ki, görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.
“Azərbaycan prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirib”, - məlumatda qeyd olunur.
Əliyev Ərdoğanla söhbət zamanı əlavə edib ki, bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
“Prezident Əliyev, həmçinin Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib”, - məlumatda vurğulanır.
Öz növbəsində, Ərdoğan Brüsseldə üçtərəfli görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.
“Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar”, - məlumatda deyilir.
O cümlədən, Əliyev və Ərdoğan ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar. **
R.Əhmədov