İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
“Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin bərpasının və yenidən qurulmasının hazırda ölkəmizin gündəmində prioritet vəzifələrdən biri olduğunu, Azərbaycanın böyük mina problemi ilə üzləşdiyini deyib. O, 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analoji hadisənin baş verdiyini bildirib”, - deyə məlumatda bildirilir.
Tatyana Valovaya Azərbaycanda dövlət səviyyəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına xüsusi diqqət yetirilməsinin önəmini bildirib. O, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qadınların rolunun artırılmasına dair konsepsiya ilə çıxış etdiyini və bu xüsusda işlərin aparıldığını deyib.
Söhbət zamanı Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi və ixtisaslaşmış təşkilatları arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.*
E.Şəfiyev