İranın neft naziri Cavad Övci bəyan edib ki, İran Xəzər dənizində bir sıra yataqların işlənilməsi üçün Azərbaycanla birgə komissiyanın yaradılmasına dair razılıq əldə edib. Bu barədə AZƏRTAC informasiya agentliyinin müxbiri Tehrandan məlumat verir.
Nazir qeyd edib ki, “enerji daşıyıcılarının birgə işlənməsi, hasilatı və ixracı hər iki dövlətin maraqlarına cavab verir”.
İyunun 3-də Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İran İslam Respublikasının Neft Nazirliyi arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalayıblar. Bu barədə öncə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib. Sənəd iki ölkənin dövlət neft şirkətləri arasında əməkdaşlığın dəstəklənməsi yolu ilə təbii qaz sektorunda əlaqələrin genişləndirilməsini ehtiva edir.
Nazirlikdən bildirilib ki, həmin gün görüş zamanı tərəflər Bakı ilə Tehran arasında iqtisadi-ticarət əlaqələrinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar, bir sıra sahələrdə, o cümlədən neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. **
R.Kərimov