Bakı və Daşkənd 2022-ci ildə birgə investisiya fondunu işə salmaq barədə razılığa gəlib. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.
“Kooperasiya layihələrinə xüsusi diqqət yetiriləcək. Bildiyiniz kimi, biz Hacıqabulda avtomobillərin birgə istehsalını uğurla nizamlamışıq. İpəkçilik sahəsində əməkdaşlığı inkişaf etdiririk. Avtomobilqayırma üzrə razılığa gəldik ki, yeni istiqamətlər üzrə buraxılışı genişləndirəcəyik, ona görə ki, bizim artıq təcrübəmiz, tam qarşılıqlı anlaşma və tam etimad var. Biz dedik ki, bu sahəni hər iki tərəfdən dəstəkləyəcəyik. Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihə üzərində işləyirik. Bu məqsədlə artıq cari ildə birgə investisiya fondunu işə salmaq barədə razılığa gəldik”, - deyə o, bu gün Prezident İlham Əliyevlə danışıqların yekunları üzrə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Özbəkistan lideri əlavə edib ki, hökumətlərarası birgə komissiyaya sənaye kooperasiyası proqramını qəbul etmək tapşırılıb.
“Biz razılığa gəldik ki, iki prezident hər ay işlərin gedişini yoxlayacaq. Ona görə ki, bizim hökumətlərarası komissiyaların sədrləri, həmsədrləri hər ay fikir mübadiləsi aparacaqlar. Biz hətta razılığa gəldik ki, başlanğıc mərhələdə həmsədrlər ayda bir dəfə görüşəcək, real nəticə olması üçün vəziyyəti yoxlayacaqlar. Biz həqiqətən münasibətlərimizi tamamilə yeni səviyyəyə qaldırırıq. İstəyirik ki, real nəticə olsun, iki ölkənin xalqları bunu hiss etsin”, - deyə Ş.Mirziyoyev vurğulayıb.*
R.Əhmədov