01.07.2022 13:00

Yanvar-may aylarında “Azərkosmos”un peyklərin istismarından gəlirləri 44% azalıb

“Azərkosmos” ASC 2022-ci ilin yanvar-may aylarında peyklərin kommersiya istismarından $10,8 milyon məbləğində gəlir əldə edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-may aylarında “Azərkosmos” peyklərin kommersiya istismarından $19,4 milyon məbləğində gəlir əldə edib. Beləliklə, 2022-ci ilin 5 ayı ərzində gəlirlərin həcmi 44,3% azalıb.

5 ay ərzində “Azərkosmos” tərəfindən dünyanın 33 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Bu dövrdə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya ($2,8 milyon), Fransa ($2,2 milyon), Lüksemburq ($1,8 milyon), BƏƏ ($1,1 milyon) və Pakistan ($0,6 milyon) qərarlaşıb.

Hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ni təşkil edib.

“Azərkosmos” ASC 2021-ci ildə peyklərin kommersiya istismarından $45,3 milyon məbləğində gəlir əldə edib ki, bu da 2020-ci ilin göstəricisindən 0,4% çoxdur.

“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.

2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.

“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.

“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.