Xarici işlər naziri Ceyhun Bayramov iyulun 1-də İordaniya Haşimilər Krallığı Ümmət Məclisinin (Parlament) Senatının sədri Feysəl Əl-Fayez ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Feysəl Əl-Fayez Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını və bu xüsusda ikitərəfli səfərlərin intensivləşməsinin əhəmiyyət kəsb etdiyini bildirib”, - deyə məlumatda bildirilir.
Görüşdə, həmçinin regional vəziyyət, habelə qlobal əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, C.Bayramov bu gün İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) sədr müavini Şaxvan Abdullah Əhmədin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
“Görüş zamanı tərəflər Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edib və ölkələrimizin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunu vurğulayıblar”, - deyə məlumatda qeyd olunur.
C.Bayramov Azərbaycanın İraq ilə əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırıb.
Şaxvan Abdullah Əhməd ölkələrimiz arasında mövcud olan müsbət əlaqələri qeyd edərək, Azərbaycanın İraqa göstərdiyi dəstəyi, o cümlədən Azərbaycan tərəfindən göstərilən humanitar yardımı məmnunluqla qeyd edib.
“Tərəflər, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, o cümlədən iqtisadi, humanitar, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.*
R.Əhmədov