Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycan rəhbərliyi ilə xüsusilə Xəzər qazının Rusiyadan yan keçməklə Avropaya tədarükü haqqında danışıqlar aparmaq üçün bu gün Bakıya səfər edəcəklər.
Ursula fon der Lyayen və Kadri Simson səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəklər, daha sonra onların birgə mətbuat konfransı keçiriləcək. Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə Aİ-Azərbaycan enerji dialoqunda iştirak edəcək.
Avropa Komissiyasının cümə günü yaydığı press-relizdə bildirilir ki, Rusiya enerji təchizatından silah kimi istifadəyə davam etdiyi bir şəraitdə enerji idxalının şaxələndirilməsi Aİ üçün əsas prioritetdir. Cənub Qaz Dəhlizi Aİ-nin, xüsusən də Cənub-Şərqi Avropanın təbii qaz təchizatında əsas rol oynayır.
Aİ və Azərbaycan eyni zamanda, təmiz enerji və enerji səmərəliliyi üzrə uzunmüddətli tərəfdaşlıq qurmaq üçün birlikdə işləyir. Hər iki tərəf “yaşıl keçidi” və Paris Sazişinin məqsədlərini reallaşdırır.
“Aİ və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, investisiya, ticarət və vətəndaş cəmiyyətinin potensialından tam istifadə də daxil olmaqla, geniş spektrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək yeni hərtərəfli saziş üzrə danışıqlar aparır”, - deyə Avropa Komissiyası qeyd edib.
Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində onun payı təxminən 36,7% təşkil edir. Azərbaycanın ixracının (əsasən enerji daşıyıcıları) 51%-i isə Aİ-nin payına düşür.
Aİ və Azərbaycan arasında ticarət münasibətləri 1999-cu ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. 2017-ci ildən yeni hərtərəfli saziş haqqında danışıqlar aparılır.*