2022-ci ilin birinci yarısında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları 2021-ci ilin analoji dövrü lə müqayisədə 17.3% - 2 milyard 820,6 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 44,8%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 2,039 milyard manat (azalma 16,9%) təşkil edib.
Emal sənayesinə 561,1 milyon manat (azalma 33,5%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşları 178,2 milyon manat (artım 77%) məbləğində olub. Su təchizatı, tullantıların işlənməsi və emalı sahəsinə sərmayələr 42,2 milyon manat (artım 2,8 dəfə) təşkil edib.
Nəqliyyat və anbar təsərrüfatı sahəsinə 1 milyard 677,6 milyon manat (artım 2 dəfə), rabitə və informasiya sahəsinə 75,8 milyon manat (artım 50,9%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 118,5 milyon manat (artım 38%), təhsil sahəsinə 54,6 milyon manat (azalma 27,3%) investisiya qoyuluşu həyata keçirilib.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
2021-ci ildə Azərbaycanda sənaye sahəsinə investisiya qoyuluşları 2020-cu ilin göstəricisi ilə müqayisədə 20,7% - 7 milyard 328,5 milyon manatadək azalıb. **
X.Nəsirzadə