Çərşənbə günü Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp ilə görüşüb.
“Əliyev və Şarp avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında fikir mübadiləsi aparıblar. Baş prokuror tərəfindən başlanmış cinayət işinin istintaqının Birləşmiş Krallığın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunub”, - Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.
Xəbər verildiyi kimi, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Ssəfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.
Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır.**
E.Şəfiyev