13.08.2022 20:44

DTA “Basqal” Qoruğuna mediatur təşkil edib

Şənbə günü Dövlət Turizm Agentliyi tərəfindən İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil olunub. Bu barədə “İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir.

Hazırda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə yenidənqurma və bərpa işləri aparılır.

DTA-nın baş memarı Mizami Qasımov məlumat verib ki, qoruqda aparılan təmir-bərpa, konservasiya və yenidənqurma işlərinin 50%-i artıq tamamlanıb.

Şeyx Məhəmməd məscidinin içərisində, 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanında, Qalabaşı ərazisində, həmçinin qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamında aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində tarixi tapıntılar aşkarlanıb.

Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib.

Etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb. Burada əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək fonda təhvil verilib.

O cümlədən, Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub. **

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.