Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanla sərhəddə 3 yeni nəzarət-buraxılış məntəqəsinin yaradılmasına dair qərar layihəsini hökumətə təqdim edib.
Ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında dərc olunmuş qərar layihəsinə əsasən, üç nəzarət-buraxılış məntəqəsi (“Sotk” – “Kəlbəcər”, “Yerasx” – “Sədərək” və “Karaunc” – “Eyvazlı”) açılacaq. Bu məntəqələr avtomobil əlaqəsi üçün nəzərdə tutulub.
Qeyd olunur ki, nəzarət-buraxılış məntəqələri müvafiq tikinti işləri və təchizat başa çatdıqdan sonra növbəti gün fəaliyyətə başlayacaq.
“Nəzarət-buraxılış məntəqələri açıldıqdan sonra təhlükəsizlik tədbirləri təmin olunmaqla insanların, mal və nəqliyyat vasitələrinin dövlət sərhədini keçməsi həyata keçiriləcək”, - deyə layihədə bildirilir.
Qərarın avqustun 25-də hökumətin növbəti iclasında qəbul ediləcəyi gözlənilir.*