Avqustun 29-da Gürcüstanda ABŞ-la birgə keçirilən “Noble Partner 2022” (“Layiqli partnyor 2022”) çoxmillətli hərbi təlimlərinə start verilib. Təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edirlər.
“Təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlığın və qarşılıqlı uyğunluğun artırılmasıdır”, - deyə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Təlimlərdə Gürcüstan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Almaniya, Bosniya və Herseqovina, Estoniya və Polşadan 2400 nəfərdən çox hərbçi, o cümlədən Litva-Polşa-Ukrayna çoxmillətli briqadasının hərbi qulluqçuları iştirak edəcəklər.
Təlimlərin açılış mərasimi Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasının ərazisində baş tutub.*