Azərbaycan 2022-ci ildə İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırır. Bunu Prezident İlham Əliyev deyib.
“Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, - deyə dövlət başçısı İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı deyib.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan İtaliyaya 6,8 milyard kubmetr qaz ixrac edib.
Prezident bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildə bu həcm 12 milyard kubmetr təşkil edəcək. 2022-ci ildə 24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) Azərbaycan qazı ixrac ediləcək.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan və Bolqarıstandır.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana da (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) ixrac edilir.*
X.Nəsirzadə