03.09.2022 14:56

Əliyev: “ARDNF kapital bazarının çökməsi nəticəsində 2-3 milyard dollar itirib, lakin bu, digər suveren fondların itkilərindən xeyli azdır”

Prezident İlham Əliyev bəyan edib ki, beynəlxalq kapital bazarlarında neqativ vəziyyətlə əlaqədar Dövlət Neft Fondu (ARDNF) 2-3 milyard dollar itirib və bu, digər suveren fondların itkilərindən xeyli azdır.

“Gəlirlərlə bağlı onu demək istəyirəm ki, belə bir ümumi fikir var: yüksək neft qiymətləri ixracatçılara həddindən artıq əlavə sərvət gətirir. Bəli, bu, doğrudur. Bizim gəlirlərimiz artıb. Ancaq, eyni zamanda, biz kapital bazarlarında pul itirmişik, çünki bizim Dövlət Neft Fondunun sərvətləri müxtəlif alətlərdədir. Kapital bazarı çöküb. Ona görə də biz digər suveren fondlar kimi pul itirmişik, ancaq elə də çox pul itirməmişik. Bəzi suveren fondlar 100 milyard dollardan çox vəsait itiriblər. Biz 2-3 milyard dollar itirmişik”, - deyə dövlət başçısı İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan yaxşı makroiqtisadi göstəricilərə malikdir: bu ilin altı ayında ümumi daxili məhsul 6,2 faiz, qeyri-enerji sektorunda isə demək olar ki, 10 faiz, qeyri-enerji ilə bağlı sənayedə isə 11 faizdən çox artıb, qeyri-enerji ixracı 25 faiz artıb. “Ancaq bu, kifayət deyil. Buna görə də bizim daha çox islahatlara, qeyri-enerji sektorunda daha çox sərmayəyə və bunun üçün də, əlbəttə ki, biznes mühitinə ehtiyacımız var. Əlbəttə ki, o sahədə irəliləyişlər var. Lakin hələ də çox iş görməliyik”, - deyə prezident vurğulayıb.*

A.Əzizov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.