Bazar ertəsi xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı səfiri Zakari Qrossu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Bayramov Qrossun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini, onun peşəkar yanaşma nümayiş etdirdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, xüsusilə də dövlət liderləri arasında mövcud olan sıx təmasların münasibətlərin inkişafına, o cümlədən hər hansı məsələlərin müsbət şəkildə həllinə ciddi töhfə verdiyi qeyd olunub. Nazir, xüsusilə humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafının davam etdiyini vurğulayıb”, - XİN-in mətbuat xidməti məlumat verir.
Bundan əlavə, Bayramov minaların təmizlənməsi sahəsində Fransa tərəfinin dəstəyini məmnunluqla qeyd edib. Azad edilən ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşünün tezləşdirilməsi baxımından ərazilərin minalardan təmizlənməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Öz növbəsində, səfir iki ölkə arasında iqtisadi, nəqliyyat-bağlantı, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini səsləndirib və ikitərəfli gündəliyin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib.
“Görüş zamanı tərəflər, ikitərəfli gündəlikdə duran məsələlər, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - məlumatda deyilir.
Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. **