10.09.2022 10:46

Həsənov hərbçilərə düşmənin təxribatlarınn qarşısını almağa hazır olmağı əmr edib

Şənbə günü müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirə zamanı düşmənin istənilən təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.

“Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib”, - nazirlikdən qeyd olunub.

Məlumatda vurğulanır ki, nazirin rəhbərliyi ilə keçirilən xidməti müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

MN-dən bildirilir ki, müşavirə iştirakçıları Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil ediblər. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.