17.09.2022 17:43

Klaar Cənubi Qafqazda atəşkəsə əməl olunacağına ümid edir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıda və İrəvanda apardığı danışıqlardan sonra Cənubi Qafqazda atəşkəsə əməl olunacağına ümidvar olduğunu ifadə edərək Ermənistanı və Azərbaycanı danışıqlar masasına qayıtmağa çağırıb.

“Bakıda, İrəvanda, həmçinin Vyanada keçirilən təcili görüşlərdən sonra Brüsselə qayıtdım. Mürəkkəb və bəzən emosional fikir mübadilələri oldu. Hələ bir çox problem var, lakin atəşkəsin davam edəcəyinə ümid edirik. Danışıqlara qayıtmaq lazımdır”, - deyə o, “Twitter”də yazıb.

Klaar bildirib ki, Aİ əvvəlki kimi Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində ən yüksək səviyyədə iştirak edir.

“Bizim məqsədimiz Ermənistan və Azərbaycana sabit, təhlükəsiz və firavan Cənubi Qafqazı təmin edəcək hərtərəfli və dayanıqlı razılaşmaya nail olmaqda kömək etməkdir”, - deyə xüsusi nümayəndə qeyd edib.*

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.