Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin direktoru Valentina Antonenko təhsil müəssisəsinin təmirinə görə Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.
“Hörmətli cənab Prezident. İcazə verin, Sizə səmimi salamlarımı və dərin ehtiramımı ifadə edim. Xeyirxahlığınıza görə Sizə ürəkdən təşəkkür edirəm. Məlum olduğu kimi, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbimizə Ukraynadakı hərbi əməliyyatlar zamanı ciddi ziyan dəymişdi. Sizin göstərişinizlə “SOCAR Energy Ukrayna” şirkəti məktəbimizi yeni tədris ilinədək yüksək səviyyədə təmir etdirib. Məhz Sizin sayənizdə şagirdlərimiz təhsillərini gözəl təmir olunmuş sinif otaqlarında davam etdirəcəklər. Böyük sevinc hissi keçirən şagirdlərimizin Sizə və ailənizə dualarını, xoş arzularını çatdırmaqdan məmnunam”, - deyə dövlət başçısının saytında dərc olunmuş məktubda bildirilir.
V.Antonenko Azərbaycan liderinə hər zaman böyük qələbələr, möhkəm cansağlığı, rifah arzulayıb.*