Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, səfər çərçivəsində parlamentin sədri sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz adından təşkil olunan rəsmi qəbulda iştirak edəcək, sentyabrın 19-da Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak edəcək və matəm kitabına ürək sözlərini yazacaq.
Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında Balmoral qəsrində dünyasını dəyişib. Onun böyük oğlu III Çarlz Böyük Britaniyanın yeni kralı elan olunub.*
R.Kərimov