Azərbaycanda təhsil fəaliyyəti ilə bağlı bir sıra avadanlıq və vasitələrin gömrük rüsumundan azad edilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.
Parlamentin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, “Gömrük tarifi haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi təklif olunur.
Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə xidmət edir.
Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək və 2 il ərzində - 2024-cü ilin sonunadək tətbiq olunacaq.
Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.*
R.Kərimov