Avropa İttifaqı cümə axşamı Avropa Siyasi Birliyinin oktyabrın 6-da Praqada keçiriləcək birinci görüşündə iştirak etmək üçün ölkələrə dəvət göndərməyə başlayıb, görüşə 40-dan çox ölkə dəvət olunub. Bu barədə jurnalistlərə Aİ-nin yüksək rütbəli məmuru məlumat verib.
“Avropa Siyasi Birliyi Avropa qitəsindəki ölkələrin siyasi koordinasiyası üçün platformadır. Birlik ümumi maraq doğuran məsələlərin həlli, Avropa qitəsində təhlükəsizlik, sabitlik və rifahın möhkəmləndirilməsi üçün siyasi dialoqun və əməkdaşlığın inkişafına yönəlib”, - deyə o bildirib.
Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın baş naziri Petr Fiala imzalayıblar.
Məmur görüş iştirakçılarının siyahısını təqdim edib: Albaniya, Avstriya, Ermənistan, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya.
Avropa Siyasi Birliyinin yaradılması təklifi Fransa prezidenti Emmanuel Makron tərəfindən mayın 9-da irəli sürülüb.*