Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyəti və hərbi əməkdaşlığın perspektivləriniu müzakirə ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi şənbə günü məlumat verir.
“Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb”, - nazirliyin məlumatında deyilir.
Öz növbəsində, Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu xüsusi qeyd edib.
Nazirlikdən əlavə ediblər ki, telefon danışığı zamanı həmçinin Bakı-Ankara hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb. **
R.Kərimov