Prezident İlham Əliyev Udmurtiyada baş vermiş faciə ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
“İjevsk şəhərindəki 88 saylı məktəbdə atəş nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıtdı. Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmalarını arzu edirəm”, - deyə Azərbaycan liderinin saytında dərc olunmuş məktubda bildirilir.
Qeyd edək ki, sentyabrın 26-da səhər İjevsk şəhərindəki 88 saylı məktəbdə 34 yaşlı yerli sakin Artyom Kazantsevin törətdiyi qətliam nəticəsində 15 nəfər, o cümlədən 11 uşaq həlak olub. Hadisə zamanı daha 24 nəfər xəsarət alıb. Onlardan 22 nəfəri uşaqdır.
Udmurtiya hökuməti baş vermiş faciə ilə əlaqədar üçgünlük matəm elan edib.*
R.Əhmədov