Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Bakı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Ağ Evdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında danışıqların təşkili ilə bağlı səylərini yüksək qiymətləndirir.
“Biz regionumuzda davamlı sülh və sabitlik gündəliyinin müzakirə edilməsi və irəli aparılması üçün Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Ağ Evdə bir araya gətirilməsi istiqamətində Ceyk Sallivanın səylərini yüksək qiymətləndiririk”, - deyə o, bu gün “Twitter”də yazıb.
Daha əvvəl Sallivan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü barədə məlumat vermişdi.
“Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanı qonaq etdim. Biz zorakılığın qarşısının alınmasının, vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz, həmçinin sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımları da müəyyənləşdirdik”, - deyə o, “Twitter”də yazıb.
Öz növbəsində, Hikmət Hacıyev Qriqoryan və Sallivanla görüşdə sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması ilə bağlı məsələlərin müzakirə olunduğunu açıqlayıb.
“Görüşün nəticələri haqda Ceyk Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - deyə o qeyd edib.
Prezidentin köməkçisi bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edib.*
R.Kərimov