29.09.2022 12:50

Macarıstan XİN başçısı: Aİ Azərbaycandan Mərkəzi Avropaya qaz tədarükü üçün infrastrukturun yaradılmasını dəstəkləməlidir

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Avropa İttifaqını (Aİ) Azərbaycandan Mərkəzi Avropaya qaz tədarükünü təşkil etməyə imkan verəcək infrastrukturun yaradılmasını dəstəkləməyə çağırıb.

“Yaxın illərdə Azərbaycandan daxil olan qazın həcmi iki dəfə artacaq, buna görə Avropa İttifaqının Azərbaycandan Mərkəzi Avropaya qaz nəqlinə imkan verəcək infrastruktura sərməyələri dəstəkləməyi vacibdir”, - Siyarto Facebook səhifəsində yazıb.

“İnterfaks-Azərbaycan” məlumat verir ki, Siyarto əlavə edib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovla danışıqlar zamanı (çərşənbə günü Almatıda - İF) Azərbaycandan Gürcüstan, Rumıniya və Macarıstandan keçməklə “yaşıl” elektrik enerjisinin ixracına dair razılıq əldə olunub.

Xəbər verildiyi kimi, Azərbaycan qazının “Cənub Qaz Dəhlizi” ilə İtaliya, Yunanıstan və Bolqarıstanda istehlakçılara tədarükü 31 dekabr 2020-ci ildə başlanıb.

2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ildə - 11-11,5 milyard kubmetr qaz ixrac edib.

2022-ci il iyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, 2027-ci ilədək Azərbaycandan Aİ-yə qaz ixracı 20 milyard kubmetrə çatacaq. Sənəd həmçinin “yaşıl enerji” istehsalı və Aİ-yə ixracı ilə bağlı birgə layihələrin reallaşdırılmasını nəzərdə tutur.

Öncə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, son zamanlar ən azı 10 Avropa ölkəsi qaz tədarükünə başlamaq və ya nəql həcmini artırmaqla bağlı Bakıya müraciət edib.

Xüsusilə, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Xorvatiya, Şimali Makedoniya, Monteneqro və Moldova Azərbaycan qazının alışında maraqlıdır.

Bundan əlavə, İtaliya, Bolqarıstan və Yunanıstan Azərbaycandan qaz tədarükü həcminin artırılmasına ümid edir. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.