2022-ci ilin sentyabr ayında “Bloomberg” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 679 milyon manat məbləğində əqd bağlanıb.
“İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, cari ilin sentyabr ayından başlayaraq pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb, o cümlədən “Bloomberg” ticarət sistemində təminatsız əməliyyatlar üçün xüsusi platforma yaradılıb.
“Sentyabrda bu platformada banklar arasında 679 milyon manat məbləğində 59 ədəd əqd bağlanıb. Bu əqdlərin 97%-i qısamüddətlidir (1-3 günlük). Banklararası REPO bazarında isə 48 milyon manatlıq 21 əqd baş tutub ki, bunun da 52%-i 1 həftəlik (5-9 günlük) müddətədir”, - deyə məlumatda bildirilir.
2022-ci ilin oktyabr ayının 3-dən başlayaraq öncədən açıqlanan qrafik əsasında davamlı olaraq Mərkəzi Bankın 1, 3, 6, 9 aylıq qısamüddətli notlarının yerləşdirilməsi və zərurət yarandıqda 1 həftəlik REPO və əks-REPO əməliyyatları üzrə hərracların təşkili nəzərdə tutulur. Qrafik üzrə həftədə 4 hərrac keçiriləcək. Hərraclarda təklifin həcmi pul bazarındakı vəziyyətdən və bank sisteminin likvidlik mövqeyinə dair qısamüddətli proqnozlardan asılı olaraq çevik tənzimlənəcək.*
A.Əzizov