Bu gün Bolqarıstan Prezidenti Rumen Radevlə söhbət zamanı biz bu ölkəyə ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını müzakirə etdik. Bunu Prezident İlham Əliyev deyib.
“Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcək”, - deyə dövlət başçısı sentyabrın 30-da Sofiyada mətbuata bəyanatla çıxışı zamanı bildirib.
O, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinə də toxunub.
“Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaq”, - deyə İ.Əliyev qeyd edib.*
B.Rüstəmbəyov