01.10.2022 19:39

Bir sıra ölkələrin dövlət xadimləri Avropaya qaz nəqlinin şaxələndirilməsi məsələsində Azərbaycanın rolunu qeyd ediblər

Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) kommersiya istismarına verilməsi mərasimində qitə ölkələrinin dövlət xadimləri Avropaya qaz nəqlinin şaxələndirilməsi məsələsində Azərbaycanın rolunu qeyd ediblər. Bolqarıstan Teleqraf Agentliyi (BTA) onların çıxışlarından sitatlar gətirir.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, Azərbaycandan Bolqarıstana qaz nəqli bir təchizatçıdan asılılığı aradan qaldırmağa imkan verəcək və həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə etibarlı qaz şəbəkəsinin inkişafına kömək edəcək.

Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski isə yeni interkonnektorun həm Balkan ölkələri, həm də bütün Cənub-Şərqi Avropa üçün qaz təchizatının şaxələndirilməsi ilə bağlı yeni imkan olması qənaətindədir.

O, bütün prosesdə konstruktiv roluna görə Azərbaycanı, eləcə də öz enerji infrastrukturunu genişləndirərək bütün regionu birləşdirməyə kömək edən Bolqarıstanı və Yunanıstanı təbrik edib”, - deyə nəşr yazır.

Öz növbəsində, Serbiya Prezidenti Aleksandar Vuçiç deyib: “Prezident İlham Əliyev olmasaydı, bizim üçün qaz təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”.

IGB-nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edir. Perspektivdə daha güclü qaz kompressorları hesabına bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər və Rumıniya bunda çox maraqlıdır.

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun işə salınması Azərbaycandan Bolqarıstana müqavilədə göstərilən həcmdə - 1 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək ki, bu da ölkənin qaza tələbatının üçdə birini təşkil edir. Bununla belə, Sofiya Azərbaycandan ildə əlavə olaraq 0,5-1 milyard kubmetr qaz almağa ümid edir.

Azərbaycan 2021-ci ildə Bolqarıstana 280 milyon kubmetr qaz ixrac edib. 2022-ci il üçün ixrac 600 milyon kubmetr həcmində qiymətləndirilir ki, bu da Sofiyanın qaza tələbatını 19% təmin etməyə imkan verəcək.*

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.