Azərbaycan İqtisadiyyat Nazirliyi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında reallaşdırmaq məqsədilə sahibkarlar tərəfindən təqdim olunan layihələri qiymətləndirir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Hazırda rezident olmaq üçün 30 milyon manat çox investisiya dəyərində 6 layihəyə baxılır. Bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq”, - Cabbarov Facebook hesabında yazıb.
Həmçinin, nazir qeyd edib ki, Sənaye Parkının ilk rezidenti “KAMAZ Lizinq Azərbaycan” artıq tikinti işlərinə başlayıb.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də ““Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkının ərazisi 200 hektar təşkil edəcək. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir. **
B.Rüstəmbəyov