2022-ci ilin sonunda Bakıda Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 7-ci iclası keçiriləcək.
Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ali və yüksək səviyyəli təmasların müxtəlif sahələrdə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib. Bu xüsusda, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.
“Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 7-ci görüşünün cari ilin sonunda Bakıda keçirilməsinin planlaşdırıldığı qeyd edilib”, - XİN-in məlumatında deyilir.
Tərəflər sözügedən görüşün iqtisadi münasibətlərin inkişafına təkan verəcəyinə dair inam ifadə ediblər.
İki ölkənin müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində, alternativ enerji resurslarının inkişafı üzrə birgə uğurlu layihələr həyata keçirdiyi, bu işlərin genişləndirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib. **
B.Rüstəmbəyov