Azərbaycan XİN başçısı Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı Bakının İrəvanla sülh müqaviləsini imzalamağa hazır olduğunu təsdiq edib.
Azərbaycan XİN-in məlumatında deyilir ki, Bayramov telefon danışığı zamanı oktyabrın 2-də Cenevrədə Mirzoyanla görüşünün təfərrüatlarını bölüşüb.
“Cenevrə görüşü zamanı Azərbaycan tərəfindən təklif olunmuş sülh müqaviləsinin elementlərinin əks olunduğu mətn üzrə danışıqların davam edəcəyinə dair gözləntilər var”, - XİN-dən vurğulanır.
Nazirlik qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi ilə bağlı Azərbaycanın çağırışı müsbət qarşılanıb.
“Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Nazir eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb”, - məlumatda qeyd olunur.
Blinken, öz növbəsində tərəflərin hərbi toqquşmalardan çəkinməsinin, təklif olunmuş sülh müqaviləsi elementləri üzrə danışıqları sürətləndirmənin və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirməyin vacib olduğunu vurğulayıb.
“Telefon danışığı zamanı Bakı ilə İrəvan arasında normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib”, - Azərbayan XİN-dən vurğulanır. **
R.Əhmədov