Şənbə günü Qarabağ iqtisadi rayona daxil olan Ağdam rayonunda minaya düşərək xəsarət alanların sayı üç nəfərə qədər artıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
“Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib”, - məlumatda deyilir.
Öncə Ağdam rayon Prokurorluğu məlumat verib ki, şənbə günü Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində iki nəfərin minaya düşməsi barədə məlumat verib.
“Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib”, - məlumatda deyilir.
Daha əvvəl məlumat verilib ki, 30 il ərzində Azərbaycanda Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində 3 min 336 nəfər, o cümlədən 38 qadın və 357 uşaq həlak olub və xəsarət alıb. Onlardan 257-si - 2020-ci il müharibəsindən sonra minaya düşüb. **
R.Kərimov