Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki narahatlığın reallıqdan uzaq olduğunu bəyan edib.
“Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”, - deyə o, oktyabrın 20-də Cəbrayıl şəhərində Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Türkiyə lideri, həmçinin Bakı-İrəvan və Ankara-İrəvan münasibətlərinin normallaşması məsələsinə də toxunub.
“Ermənistan ilə müzakirələrdə səmimi addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub. Hər zaman söylədiyim kimi, sülhün uduzanı olmaz. Yeganə məqsədimiz bölgəmizin firavan gələcəyini inşa etməkdir. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşdırma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir. Açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır”, - deyə Ərdoğan vurğulayıb.*
X.Nəsirzadə