BƏƏ kapitallı “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyi Sumqayıt Kimya Sənaye Parkının (SKSP) yeni rezidenti olub. Bu barədə şənbə günü İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Şirkətin nümayəndəliyi tərəfindən Sənaye Parkının 1 hektar ərazisində elektrik avtomat və sayğac istehsalını həyata keçirəcək müəssisə inşa olunacaq. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək”, - məlumatda deyilir.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.
Bununla da, Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Rezidentlər tərəfindən ümumi investisiya qoyuluşu 6,7 milyard manat məbləğində qiymətləndirilir. Artıq 6,3 milyard manat məbləğində investisiya yatırılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.**
R.Kərimov