Bakı Avropa İttifaqının (Aİ) 2027-ci ildən sonra Azərbaycandan əlavə qaz həcmlərinin alınacağı ilə bağlı zəmanət verməsində maraqlıdır. Bunu Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycan qazının Avropaya ixrac həcminin ən azı 20 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur.
“Avropanın indi alternativ təchizatçıya ciddi ehtiyacı var. Biz əmin olmalıyıq ki, bu, Ukraynadakı müharibə fonunda yaranan, sonra dayanan və sizin yenidən Rusiyadan qaz almağı davam etdirəcəyiniz və Azərbaycan qazının sizə artıq lazım olmadığını deyəcəyiniz kortəbii tələb deyil”, - deyə E.Məmmədov “Financial Times” (FT) nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya tədarükünü iki dəfə artırmaq üçün müvafiq investisiyalar lazımdır və investisiya qoyuluşunu bütün maraqlı tərəflər həyata keçirməlidir.
E.Məmmədov əlavə edib ki, Azərbaycan bu prosesə öz töhfəsini verməyə hazırdır, eyni zamanda, Aİ-nin bu istiqamətdə fəallaşacağını gözləyir.
“S&P Global Commodity Insights” şirkətindən Loran Rusetskas “Financial Times”a bildirib ki, Azərbaycan qısa müddətdə İtaliya və Bolqarıstana qaz ixracını bir qədər artıra bilsə də, daha çox həcm həm hasilat, həm də logistikaya əhəmiyyətli investisiyalar tələb edəcək. "Heç bir ölkə uzunmüddətli alıcısı olmadan milyardlarla dollarlıq inkişaf riskini öz üzərinə götürməz”, - deyə o vurğulayıb.
Avropa Komissiyasında nəşrin potensial özəl və dövlət investorları ilə danışıqların davam edib-etməməsi sualına cavab verməkdən imtina ediblər. “Enerji sahəsində əməkdaşlığın müsbət təcrübəsinə və həlledici məqamda Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün uğurla başlanmasına əsaslanaraq, Aİ Azərbaycanı enerji ticarətində etibarlı və strateji tərəfdaş kimi görür”, - deyə adı açıqlanmayan Aİ rəsmisi nəşrə bildirib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükünə 2020-ci il dekabrın 31-də başlanılıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Avropaya ixracın 11,5 milyard kubmetr təşkil edəcəyi, 2027-ci ilədək isə 20 milyard kubmetrə qədər artacağı proqnozlaşdırılır.*
R.Kərimov