Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı ilə İrəvan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir.
“Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir”, - Əliyevin bazar ertəsi Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına ünvanladığı müraciətində deyilir.
Əliyev qeyd edib ki, “beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərlə müşayiət olunan yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə siyasi partiyaların və beynəlxalq təşkilatların müxtəlif səviyyələrdə öz mövqelərini və hadisələrə təsir imkanlarını yenidən dəyərləndirmələrinə ehtiyac yaranmışdır”.
Azərbaycan prezidenti vurğulayıb ki, dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir.
“Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir”, - Əliyev bildiirib. **
R.Kərimov