2022-ci ilin yanvar-sentyabr aylarında “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 42 milyon 647,5 min manat gəlir əldə edib ki, bu da 2021-ci ilin 9 ayının göstəricisindən 3,8 dəfə çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında metro nəqliyyatı ilə 146 milyon 701,6 min nəfər sərnişin daşınıb və artım 3,8 dəfə təşkil edib.
Koronavirus pandemiyası ilə əlaqədar 2020-2021-ci illərdə Bakı Metropoliteninin fəaliyyətinə vaxtaşırı məhdudiyyətlər tətbiq edilib. Bu səbəbdən 2021-ci ildə metropolitenin fəaliyyəti yalnız mayın 31-dən bərpa edilib.
2021-ci ildə “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 26 milyon 154,4 min manat gəlir əldə edib. Bu dövrdə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 90 milyon 232,4 min nəfər təşkil edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 20,8% çoxdur.*
N.Abbasova