Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov
Şərqdə insan anadan olarkən ona xüsusi ad vermək ənənə halını alıb. Ümid edilir ki, bu ad insanın taleyinə təsir edəcək və ya onu əvvəlcədən müəyyənləşdirəcək. Bu ənənənin özünü real həyatda nə dərəcədə doğrultduğunu bilməsəm də, məhz Mehriban Əliyeva ilə tanışlıq bu adətin mahiyyətinə inanmağa vadar edir. Bu məqalə adı müasir tarixə təkcə məqsədyönlü və nümunəvi rəhbər kimi deyil, həm də əsl Şərq gözəlliyini təcəssüm etdirən zərif və yüksək zövqlü xanım kimi düşən məhz bu insana, qeyri-adi şəxsiyyətə hörmət və ehtiram əlaməti olaraq həsr edilir.
Kənardan elə görünür ki, hərtərəfli və yorulmaz fəaliyyəti həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan insan haqqında öz fikrini açıq şəkildə ifadə etməkdən asan bir şey yoxdur. Onun işinə və nailiyyətlərinə saysız-hesabsız məqalələr həsr edilib. Hamı Mehriban Əliyevanın yaşından, milliyətindən və dini inancından asılı olmayaraq milyonlarla insanın qəlbini necə fəth etdiyini anlamağa çalışır. Cavab, əlbəttə ki, çox sadədir. Ona ətrafdakılara humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazım olan anda yanında olmaq bacarığına görə hörmət edirlər. Xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban xanım üçün həqiqətən də önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.
Mehriban Əliyeva haqqında yazmaq, üstəlik, onun barəsində öz fikrini söyləmək son dərəcə ciddi və məsuliyyətli vəzifədir. Məsələ onun ədalətli və xeyirxah əməllərini təsvir etmək üçün ən doğru kəlmələrin çatışmazlığında deyil, oxucunun onun barəsində təsəvvürünü formalaşdırmaq şansı əldə edə biləcəyi hər hansı incə detalı, məğzi buraxmaqdan ehtiyat etməkdədir. Lakin peşəkar fəaliyyəti uzun illərdir Mehriban Əliyevanın adı ilə qırılmaz surətdə bağlı olan bir insan kimi mən onun işə və ətrafdakılara münasibəti haqqında təəssüratlarımı bölüşmək qərarına gəldim.
O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri, İSESCO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. O, ailə ocağının qoruyucusu, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. Mehriban Əliyeva həyatı boyunca bir çox şeyə nail ola bilib - üç övlad böyüdüb, həyat yoldaşına etibarlı dayaq olmaqla, ehtiyacı olanlara kömək göstərərək ölkənin ictimai həyatının ayrılmaz hissəsinə çevrilib.
Hər birimizə aydındır ki, Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla yalnız bir sahəyə diqqət ayıra və ya bir çox ölkənin birinci xanımları kimi kənardan müşahidəçi mövqeyi tuta bilərdi. Lakin bu, onun prinsiplərinə cavab vermir.
Tam məsuliyyətlə deyə bilərəm ki, heç bir sahə onun diqqətindən kənarda qalmayıb. Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri həm təhsil, səhiyyə, mədəniyyət, həm də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Üstəlik, birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəlmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.
Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəlmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi olub. Bu gün Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdırmağı bacaran həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalon oldu. Bundan başqa, onlar Mehriban xanımın simasında təkcə lider və ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər.
Mehriban Əliyeva ailəsini çox sevir və ailə ənənələrinə böyük hörmət bəsləyir. O hesab edir ki, əgər evdə qarşılıqlı münasibət, qarşılıqlı dəstək və hörmət varsa, qalan şeylər özü düzələcək. Bu gün İlham Əliyev və Mehriban xanımın birliyi bir çoxları üçün nümunədir. Onların nümunəsi sayəsində milli ailə ənənələri dirçəlir, qarşılıqlı anlayış artır, uşaqlara, uşaqların valideynlərə münasibəti dəyişir.
Protokol baxımından qüsursuz davranış, susqun baxış, boğuq intonasiya özünə daha az diqqət cəlb etməyə xidmət edir. Düzdür, bu, hər zaman alınmır. Birinci xanımın qüsursuz xarici görünüşü və tərzi çoxdan təqlid predmetinə çevrilib. Mehriban Əliyeva zəngin mənəvi və intellektual potensiala malik çox maraqlı insandır. O, bütün təşəbbüslərdə müsbət nəticə əldə etmək üçün qibtəedici qabiliyyətə malik olan mahir praqmatikdir. O, həqiqətən də tükənməz enerjiyə malik insandır. Deyərdim ki, məhz onun inamı, nikbinliyi, müsbət enerjisi rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər bir əməkdaşına reallaşdırılan layihələrin uğurla başa çatmasına daha böyük əminlik verir. Bu insan incə yanaşması və unikal müdrikliyi sayəsində şübhə və bədbinliyi kənara ataraq istənilən vəziyyətdən çıxış yolu tapa bilir.
Onun yanında işlədiyim illər ərzində iki sadə həqiqəti dərk etdim. Birincisi, Mehriban Əliyevanın fəaliyyətində hər şeyin öz vaxtı var və tələskənlik bu və ya digər layihənin nəticəsinə zərər vura bilər. İkincisi, onun mahiyyəti layihə həyata keçirildikdən sonra anlaşılan, ilk baxışdan az əhəmiyyətli görünə bilən detallara diqqətli yanaşması və dəqiq təhlil etməsidir. Məhz bu səbəbdən Heydər Əliyev Fondunun uğurları təkcə möhkəm kollektivin yorulmaz işinin nəticəsi deyil, həm də bütün təfərrüatları dəqiq başa düşən, komandanın hər bir üzvü ilə sıx təmasda olmaqla tədbirlərin hazırlanmasında və reallaşdırılmasında iştirak edən tələbkar və məqsədyönlü rəhbərin səyləridir.
Xalq onu sevir və ona inanır, çünki Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenantlıq ənənələri canlanıb. Mehriban Əliyeva insanlara xeyirxahlığa meyl, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. O, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürü dağıdıb və cəmiyyətin bütün təbəqələrinin bu problemlərin həllində iştiraka can atmasına nail olub. Beləliklə, Mehriban Əliyeva Azərbaycan cəmiyyətinin bu gününə qayğı göstərməklə, Azərbaycan Prezidentini ölkəmizin gələcəyi ilə bağlı işində və qayğısında dəstəkləyərək məşğulluğun təmin edilməsi sahəsində və istedadlı gənclərin məsuliyyətli layihələrə cəlb edilməsində novator olub. Məhz birinci xanım ətrafına gənc əməkdaşları topladıqdan sonra müasirliyin tələblərinə uyğunlaşdırılan dövlət müəssisələri ənənəvi olaraq təkcə "stajı" olan insanları deyil, həm də gənc nəslin nümayəndələrini işə qəbul etməyə başladı.
Mehriban Əliyevanın öz gözəlliyi və səxavətliliyi ilə heyran edən dərin mənəvi dünyası haqqında təkcə onunla yaxından tanış olanlar deyil, həm də onunla kəlmə kəsmək imkanı qazananlar danışa bilərlər. Kənardan müşahidə edərək onun öz diqqəti ilə insanlara bəxş etdiyi sonsuz sevincə heyran olmamaq mümkün deyil. Bəzən elə görünür ki, Mehriban xanım səmimi və qayğı dolu bir baxışı ilə isidir, sakitləşdirir və ümid verir.
Onun valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssas yanaşır. O, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün əlindən gələni edir. Bu gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.
Onun uşaqlara qarşı xeyirxahlığını, mərhəmətini və sevgisini qızları Leyla və Arzu da əxz ediblər. Məhz onların uşaq evlərinə və internat məktəblərinə tez-tez baş çəkməsi yeni ənənənin əsasını qoyub - hazırda ictimaiyyət, müxtəlif dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri uşaq müəssisələrinin yetirmələrinə mütəmadi baş çəkirlər.
Mehriban Əliyeva 2004-cü ildə əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat evinə baş çəkdiyi zaman xəstəlikdən əziyyət çəkən uşaqları ana qayğısı ilə qucaqlayarkən, qollarına alarkən uşaq evinin tərbiyəçilərinin gözündə fərəhi, heyranlığı və eyni zamanda, təəccübü xatırlayıram. Onun bu münasibəti ilk vaxtlarda hətta təhlükəsizlik xidmətinin əməkdaşlarını da çaşqın vəziyyətə salırdı, onlar necə davranacaqlarını bilmirdilər - uşaqları Azərbaycanın birinci xanımının yanına buraxsınlar, ya yox. Onun fiziki cəhətdən qüsurlu uşaqları qucaqladığı videokadrlar əvvəllər təəccüb doğururdu. İndi isə bu, normadır və qarşımızda tamamilə başqa mənzərə var. Biz Mehriban xanımdan nümunə götürərək, sağlamlıq vəziyyətindən asılı olmayaraq, uşaqları cəmiyyətin tamhüquqlu üzvləri kimi görməyə başlayırıq.
Dünya ictimaiyyətinin Azərbaycanın tarixi reallıqları, o cümlədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, eləcə də XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı və işğal edilmiş ərazilərimizdəki vandalizm faktları barədə məlumatlandırılması Mehriban xanımın Heydər Əliyev Fondu qarşısında aydın şəkildə qoyduğu əsas tapşırıqlardan biridir.
Dünyanın müxtəlif ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi, eləcə də xarici ölkələrlə diplomatik münasibətlərin qurulması münasibətilə tədbirlərin təşkili, onun təşəbbüsü ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Avropa Parlamentinin və YUNESKO-nun mənzil-qərargahlarında, BMT-nin Cenevrədəki mənzil-qərargahında silsilə tədbirlərin keçirilməsi bir məqsədə xidmət edir: ölkənin mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq arenada onun imicinin yaxşılaşdırılması.
Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır. Ermənistanın təcavüzünə məruz qalan və işğal altında olan ərazilərdə vandalizm aktları ilə üzləşən Azərbaycanın Versal Sarayının parkındakı mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin, Romada Kapitoli muzeyindəki "Filosoflar zalı"nın və sair abidələrin bərpasında fəal iştirakı haqqında informasiyanı bu gün bütün dünyada məmnunluq hissi ilə qarşılayırlar.
O, ətraf mühitin mühafizəsi, xüsusilə yaşıllıqların məhv edilməsi ilə bağlı problemlərə xüsusi həssaslıqla yanaşır. Onun göstərişi ilə Fondun əməkdaşları dəfələrlə ağacların kəsildiyi yerlərə gedərək nadir ağac növlərinin məhv edilməsinin qarşısını alıblar. Bu, paytaxt Bakının hər bir sakini üçün ətraf mühitin qorunmasına çağırışdır. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildən bütün ölkədə milyonlarla ağac əkilib. Bu fəaliyyət Fondun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoqun (IDEA) təsisçisi və rəhbəri, ekoloji təhlükəsizliyin təmin olunmasına və təbiətin mühafizəsi sahəsində gənclərin məlumatlılığının artırılmasına xüsusi diqqət ayıran Leyla Əliyeva tərəfindən də davam etdirilir.
Azərbaycanı dünyaya olduğu kimi - dünyəvi, çoxmillətli və müxtəlif dinlərin mövcud olduğu, müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin tarixən mövcud olduğu, yüksək tolerantlıq ənənələrinin formalaşdığı dövlət kimi təqdim etmək ölkənin birinci xanımının fəaliyyətində prioritet məsələlərdən biridir. Onun təşəbbüsü ilə həyata keçirilən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində müxtəlif dini obyektlərdə - Bakıda Pir Həsən ziyarətgahı, Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi və Müqəddəs Məryəm Kilsəsi, Şamaxıda Cümə Məscidi, Gəncədə Həzrəti Zeynəb Məscidindən tutmuş Fransanın müxtəlif regionlarındakı kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, eləcə də Həştərxanda Knyaz Vladimirin abidəsinin ucaldılmasınadək restavrasiya işləri görülüb. Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpası isə beynəlxalq ictimaiyyət tərəfindən müsəlman dünyasının xristianlığın müqəddəs abidələrinin qorunub saxlanmasına töhfəsi kimi qəbul edilir.
Mən dəfələrlə onun xarici ölkələrin tarixi və mədəniyyəti ilə bağlı biliyinin dünya muzeylərinin bələdçi və ekskursiya rəhbərlərini necə valeh etdiyinin şahidi olmuşam. Misal üçün, Mehriban xanım Vatikan Dövlətinə sonuncu səfəri zamanı katakombaların bərpaçıları ilə iki saat ərzində ünsiyyətdə olub, onların gördükləri işlərin təfərrüatlarına vararaq, onu müşayiət edən rəsmi şəxslər də daxil olmaqla, ətrafdakıları təəccübləndirib.
Mehriban Əliyevanın incə zövqünü Bakı şəhərinin dəyişən simasında da hiss etmək olar. Onun məsləhətləri nəticəsində arxitekturanın şərq və qərb üslubları ahəngdar şəkildə birləşir, bu zaman əbədi gənc paytaxt öz tarixi simasını qoruyub saxlayır.
Onun rəhbərliyi altında çoxlu sayda əhəmiyyətli layihələr həyata keçirilib. O, milli-mədəni dəyərlərin qorunub saxlanması və dünyaya təqdim edilməsinə öz töhfəsini verir, istedadlı gəncləri - idmançıları, rəssamları, musiqiçiləri dəstəkləyir. O, minlərlə insana sağlamlığını və ümidini qaytarıb. Bütün bunla bir məqsədlə - öz xalqının və Vətəninin rifahı naminə xidmət etmək məqsədi ilə həyata keçirilir. Onun fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi daimi dəyərlərin möhkəmlənməsinə xidmət edir.
Sonda qeyd etmək istərdim ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkədir. İndi isə, demək olar, yüz il sonra Odlar Ölkəsi bizim birinci xanımımızın simasında dünyaya yeni obraz, təqlid üçün nümunə təqdim edir. Əbəs yerə deyil ki, Qərb mətbuatında dəfələrlə belə bir fikir bildirilib ki, xüsusilə postsovet məkanında birinci xanım təsisatının rolu və əhəmiyyətinin artması bir çox halda Mehriban Əliyevanın sayəsində baş verdi.
Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyirxahlıq və ümid mücəssəməsi olan öz birinci xanımı ilə fəxr etməkdə haqlıdır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət