“İnterfaks-Azərbaycan” agentliyinin Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla müsahibəsi
Məzahir müəllim, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə hazırlıq barədə nə deyə bilərsiniz?
Azərbaycan Respublikasında bələdiyyələrin səlahiyyət müddəti bitdiyinə görə Mərkəzi Seçki Komissiyasının qərarı ilə dekabrın 23-də növbəti bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 1607 bələdiyyəni əhatə edəcək və bu seçkilərin yekununda yerli özünüidarəetmə orqanlarına 15035 üzv seçiləcək. Məlum olduğu kimi, Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi üzrə bələdiyyə seçkilərinin keçirilməsi mümkün olmadığına görə, bələdiyyə seçkiləri ümumilikdə 125 seçki dairəsinin 118-də keçiriləcək. Bunun nəticəsi olaraq öz doğma yurdlarından qovulan məcburi köçkün vətəndaşlar seçkilərdə iştirak etməyəcəklər. Amma Mərkəzi Seçki Komissiyası olaraq, bələdiyyə seçkiləri ilə əlaqədar bütün layihələrimizdə, xüsusilə maarifləndirmə tədbirlərində bələdiyyə seçkiləri keçirilməyən seçki dairələrinin dairə seçki komissiyalarının nümayəndələrini də diqqətdə saxlamışıq.
Bütövlükdə qeyd etmək lazımdır ki, seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası və aidiyyatı dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifələrin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin yaradılması və bütün digər fəaliyyətlər MSK-nın hazırlayıb təsdiq etdiyi “Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na əsasən həyata keçirilib.
Vətəndaşların konstitusion hüquqlarından olan seçmək və seçilmək hüquqlarının təmin olunması, seçkilərin azad və ədalətli keçirilməsi üçün seçici siyahıları xüsusi əhəmiyyət kəsb edən sənədlərdəndir. Bu il bələdiyyə seçkilərinə hazırlıq dövründə seçici siyahılarına xüsusi diqqət yetirilib və seçici siyahıları kifayət qədər yüksək səviyyədə hazırlanıb. Seçki Məcəlləsinə əsasən, hər il olduğu kimi bu il də yanvar ayından may ayının sonunadək seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi həyata keçirilib və dəqiqləşmə başa çatdıqdan sonra seçici siyahıları MSK-nın rəsmi internet səhifəsində yerləşdirildi. İstər seçicilər siyahısı ilə bağlı, istərsə də digər seçki məsələləri ilə əlaqədar MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki online xidmət mütəmadi olaraq seçicilərin və digər seçki subyektlərinin ixtiyarında olub və problemin aradan qaldırılmasına şərait yaradılıb. Daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılıb və müvafiq tədbirlər görülüb. Seçici siyahılarının dəqiqləşdirilməsi may ayında başa çatsa da, MSK-nın tövsiyəsi ilə dairə seçki komissiyaları bu işi mütəmadi şəkildə davam etdiriblər. Onu da qeyd edim ki, seçicilərimizi siyahılarda öz adlarını yoxlamaq və həmçinin seçkilərə çağırış məqsədilə çoxsaylı plakatalar çap olunaraq respublika ərazisində əhalinin xüsusilə sıx olduğu yerlərdə (ticarət və əyləncə mərkəzləri, avtobus dayanacaqları və digər sosial məişət obyektlərində) asılıb, həmçinin televiziya və radio kanalları vasitəsilə bu xarakterli müxtəlif reklam çarxları mütəmadi şəkildə nümayiş etdirilir.
Seçicilər və digər seçki subyektlərinin maarifləndirilməsi Mərkəzi Seçki Komissiyasının mühüm əhəmiyyət verdiyi sahələrdən biridir. Seçicilərin, aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi müxtəlif formatlı layihələr vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı artıq maarifləndirmə sahəsində Mərkəzi Seçki Komissiyası üçün bir sıra layihələrin hazırlanıb həyata keçirilməsi üçün əsas istiqamətverici sənədə çevrilib. Qeyd etdiyim çox mühüm sənədin seçki komissiyalarına aid olan hissədə icrası ilə əlaqədar MSK-nın qərarına əsasən aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə birinci mərhələdə dairə seçki komissiyalarının sədrləri üçün oktyabrın 17-də Bakı şəhərində, MSK-nın inzibati binasında müşavirə keçirildi. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin rəhbər şəxslərinin bələdiyyə seçkiləri ilə bağlı səlahiyyət və vəzifələr mövzusunda çıxışları dinlənildi, müzakirələr aparıldı və iştirakçıların sualları cavablandırıldı.
Layihənin ikinci mərhələsində 22-24 oktyabr tarixlərində dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirildi.
Bundan başqa, noyabrın 12-də seçki hüququnun pozulması ilə əlaqədar müraciətlərin dairə seçki komissiyaları nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr olunmuş seminar-müşavirə keçirildi. Tədbirin keçirilməsində başlıca məqsəd vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı, obyektiv və effektiv araşdırılması, həmçinin şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın yüksək səviyyədə təmin olunması idi. Layihə çərçivəsində iştirakçılara MSK üzvləri tərəfindən təqdimatlar keçirildi, əvvəlki illərdə keçirilmiş seçkilərdə əldə olunmuş təcrübə müzakirə edildi, eləcə də meydana çıxan sualların cavablandırıldı. Seminar-müşavirədə 118 seçki dairəsi dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri iştirak etdi.
17-24 noyabr tarixlərində Ombudsman təsisatı ilə birgə Şəki, Gəncə, Cəlilabad, Füzuli və Qubada vətəndaşların seçki hüququ ilə bağlı məlumatının artırılması məqsədilə seçki hüququ üzrə regional maarifləndirmə tədbirləri keçirildi. Tədbirlərdə MSK Katibliyinin təmsilçiləri, müxtəlif rayonların icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, əhatə olunan ərazilərin dairə seçki komissiyalarının nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirdi.
Mərkəzi Seçki Komissiyasının maarifləndirmə tədbirləri arasında aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlər xüsusi əhəmiyyət kəsb edir və bu ənənənin əsası 2002-ci ildə qoyulub. Bu il bələdiyyə seçkiləri ilə əlaqədar bu layihə yenə də uğurla gerçəkləşdirildi. MSK-nın qərarı ilə aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə 2 mərhələli treninq layihəsi hazırlandı. Birinci mərhələ çərçivəsində 17-20 noyabr tarixlərində Bakıda MSK-nın Treninq qrupu tərəfindən 4 gün ərzində “Trenerlər üçün treninq” keçirildi. Qeyd etdiyim Treninq qrupuna beynəlxalq təşkilatlar tərəfindən hələ 2000-ci ilin əvvəllərində xüsusi sertifikatlar verilib. Seçki dairələrinin hər birindən 2 yerli trener 4 gün ərzində səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları haqqında əyani vəsaitlərdən, seçki bülletenləri və seçkilərə dair müxtəlif sənədlərin nümunələrindən, səsvermə qutularından istifadə edilməklə, praktiki məşğələlər şəklində ətraflı məlumatlandırıldı.
Layihənin dairə və məntəqə seçki komissiyalarının üzvlərinin cəlb olunduğu ikinci mərhələsində MSK-nın Treninq qrupu aşağı seçki komissyaları üzvlərinin treninqi üçün bütün lazımi məlumatları özündə əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq yerli treninq qruplarına təqdim etmişdi. Treninqlərin ikinci mərhələsi noyabrın 25-dən başladı və təqdim edilən cədvələ əsasən hər treninq sessiyası 30-36 nəfərlik kiçik qruplar şəklində, əyani vəsaitlərdən istifadə edilməklə keçirildi. Seçki məntəqələrinin sayına müvafiq olaraq, treninqlər bir neçə həftə davam etdi. Treninqlər çərçivəsində aşağı seçki komissiyalarının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırıldılar. Bütün iştirakçılara “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olundu. Bütünlükdə bu treninqlərdə 30000-dən artıq aşağı seçki komissiyaları üzvləri iştirak etdi.
Maarifləndirmə tədbirlərindən danışarkən Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq keçirilən “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda informasiya sessiyalarını xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının Azərbaycandakı Ofisinin birgə layihəsi olan sessiyalar icra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə dekabrın 5-də Şəmkirdə, dekabrın 6-da Şirvanda və dekabrın 8-də Bakıda keçirildi. Tədbirlərdə mövzu ilə bağlı müxtəlif çıxışlar dinlənildi, təqdimatlar və müzakirələr aparıldı.
Dekabrın 5-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində bələdiyyə seçkilərinin təşkili və keçirilməsi ilə bağlı seminar-məşğələ keçirildi. Tədbirdə sözügedən qurumun əməkdaşlarına bələdiyyə seçkilərinin təşkili və keçirilməsi ilə bağlı MSK təmsilçiləri tərəfindən hərtərəfli məlumat verildi, eləcə də əyani vəsaitlərdən istifadə edilməklə bütün seçki günü prosedurları əhatəli şəkildə izah edildi.
Həyata keçirilən maarifləndirmə tədbirlərindən biri də Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə dekabrın 13-də Gəncədə, dekabrın 15-də Şirvanda və dekabrın 16-da Bakıda təşkil etdiyi seminar-müşavirələrdir. Bələdiyyə seçkiləri prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələri iştirak etdi. Seminar-müşavirələrdə MSK və Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən bələdiyyə seçkilərinin keçirilməsi və bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışlar dinlənildi, təqdimatlar və müzakirələr aparıldı.
Sadaladığım maariləndirmə tədbirləri içərisində sonuncusu 15-17 dekabr tarixlərində Bakıda dairə seçki komissiyalarının komputer mütəxəssisləri üçün keçirilən treninqlər oldu. Tədbirdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni və daha da təkmilləşdirilmiş imkanları barədə praktiki məlumat verildi, əyani formada istifadə qaydaları öyrədildi, eləcə də iştirakçıları maraqlandıran suallara aydınlıq gətirildi.
Cəmiyyətdə demokratik dəyərlərin bərqərar olması, seçki praktikasının təkmilləşdirilməsi, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün hüquqi bazanın yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bələdiyyə seçkilərinin yüksək səviyyədə, azad və ədalətli keçirilməsi üçün normativ-hüquqi bazanın daha təkmil işlənib hazırlanması prosesi diqqət mərkəzində saxlanılıb, seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrasını və seçki hüququ üzrə biliklərin artırılmasını və gücləndirilməsini təmin etmək üçün təlimat, izah və qaydalar şəklində hüquqi sənədlər hazırlanaraq, 7 toplu şəklində nəşr edilib, Seçki Məcəlləsi ilə birlikdə aşağı seçki komissiyalarına çatdırılıb. Qəbul edilən normativ-hüquqi sənədlər maraqlanan seçki subyektlərinin asanlıqla tanış olmaları üçün həmçinin, operativ şəkildə Azərbaycan və ingilis dillərində Komissiyanın internet səhifəsində yerləşdirilib.
MSK-nın maarifləndirmə tədbirlərində müxtəlif seçki subyektləri üçün hazırlanan yaddaş kitabçaları xüsusi əhəmiyyətə malikdir. Əvvəlki illərdə keçirilən seçkilərdə olduğu kimi, bu il keçiriləcək bələdiyyə seçkilərində də seçki subyektlərinin maarifləndirilməsi üçün “Namizədlər üçün yaddaş”, “Polis əməkdaşlarının bələdiyyə seçkilərində iştirakına dair yaddaş”, “Seçki günü üçün yaddaş” və “Müşahidəçilər üçün yaddaş” kitabçaları hazırlanaraq aşağı seçki komissiyalarına çatdırılıb, eləcə də MSK-nın internet səhifəsində yerləşdirilib.
Bildiyiniz kimi, şəffaflıq və aşkarlıq seçki prosesinin demokratikliyini və ədalətliliyini xarakterizə edən başlıca prinsiplərdəndir. Seçki prosesində aşkarlıq institutlarının tətbiqi, yerli və beynəlxalq müşahidəçilərə, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinə sərbəst və maneəsiz şərait yaradılması, insan hüquqlarına hörmət və qanunun aliliyi də daxil olmaqla, demokratiyanın inkişafının bir hissəsi kimi seçkilərin azad və ədalətli keçirilməsində yerli və beynəlxalq ictimaiyyətin maraqlarını əks etdirir. MSK hər zaman KİV-lə əlaqələrini əsas prioritetlərdən biri kimi dəyərləndirib. Uzun illərdəir formalaşan ənənəyə uyğun olaraq KİV nümayəndələri mütəmadi şəkildə MSK-nın iclaslarına və seçkilərlə bağlı bütün digər tədbirlərə dəvət olunur, KİV-də vaxtaşırı MSK üzvlərinin, Katibliyin əməkdaşlarının müxtəlif aktual mövzularda çıxış, müsahibə və açıqlamaları yayımlanır, mətbuat səhifələrində işıqlandırılır, eləcə də ünvanlanmış suallar cavablandırılır. Bələdiyyə seçkiləri ilə əlaqədar televiziyada mütəmadi olaraq MSK üzvləri və Katiblik əməkdaşlarının iştirakı ilə müxtəlif mövzulara həsr olunan proqramlar efirə gedir, dövri nəşrlərdə məqalələr dərc olunur. Onu da qeyd etmək istəyirəm ki, MSK-nın maarifləndirmə proqramları çərçivəsində seçkilərə çağırış, səsvermə qaydaları və digər mövzulara həsr olunan müxtəlif video və audio çarxlar mütəmadi olaraq televiziya və radio kanallarında yayımlanır.
Bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi yüksək səviyyədə aparılıb. Hazırda bələdiyyələrdə seçilməli olan 15035 yerə 37 mindən çox namizəd qeydə alınıb. Yəni orta hesabla hər yerə 2 nəfərdən artıq, təqribən 2,5 namizəd düşür. Bu çox yüksək göstəricidir. Qeydə alınmış namizədlərin təxminən 14 min nəfərə yaxını 8 siyasi partiya tərəfindən irəli sürülüb. Qalan 23 min nəfər dən artığının isə namizədlikləri müstəqil şəkildə və ya təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Seçki Məcəlləsinə əsasən, namizəd siyasi mənsubiyyətinin qeyd edilib-edilməməsini özü müəyyənləşdirir. Namizədlikləri fərdi qaydada irəli sürülən bir çox namizəd siyasi mənsubiyyətlərini qeyd ediblər və bu cür namizədlər arasında 30 siyasi partiyanın nümayəndələri var. Onların sayı 19 min nəfərə yaxındır.
Demək olar ki, bələdiyyə seçkilərində iştirak etmək istəyən hər kəsin namizədliyi qeydə alınıb. 37917 nəfər seçki komissiyalarından imza vərəqələri götürüblər. Qeyd olunan müddətə doldurulmuş imza vərəqələrini geri qaytaranların sayı 37564 nəfər təşkil edib. Yüzə yaxın şəxs seçkilərdə iştirak etməkdən imtina edib. Təqribən 260 iddiaçı qeydiyyatdan sonra namizədliklərini geri götürüb. Bu günə 37077 nəfərin namizədliyi qeydə alınıb.
Bunlar o deməkdir ki, siyasi partiyalar və vətəndaşlar tərəfindən bələdiyyə seçkilərinə kifayət qədər maraq var. Hesab edirəm ki, Azərbaycan seçiciləri səsvermə günü də seçkilərdə fəal iştirak edəcəklər. Qeyd etmək istərdim ki, əgər kiminsə adı bu və ya digər səbəbdən seçici siyahılarına daxil edilməyibsə, həmin şəxs seçkilərin keçirildiyi gün şəxsiyyət vəsiqəsini qeydiyyat yeri üzrə seçki məntəqəsinə təqdim edə bilər. Onun adı əlavə seçici siyahısına daxil ediləcək və səsvermə hüququ təmin olunacaq.
Yeri gəlmişkən, Azərbaycanda bələdiyyə seçkilərində seçici fəallığı prezident və parlament seçkiləri ilə müqayisədə aşağı olur. Bu, dünyanın bütün ölkələri üçün ümumi tendensiyadır, yoxsa Azərbaycana xas olan xüsusiyyətdir?
- Təbii ki, istənilən ölkədə prezident və parlament seçkilərini bələdiyyə seçkiləri ilə müqayisə etmək olmaz. Prezident ölkənin müqəddəratını təyin edən statusa malikdir və buna görə də bu seçkilər hər bir ölkə üçün ən prioritet seçkilərdir. Mahiyyət etibarilə ikinci yerdə parlament seçkiləri gəlir. Bələdiyyə orqanları isə regional yerli hakimiyyəti müəyyən edir və təbii ki, bütün ölkələrdə onlara parlament və prezident seçkiləri ilə müqayisədə daha az maraq göstərilir.
Vətəndaşların bələdiyyə seçkilərinə marağının az olması fikri həm də ona görə yarana bilər ki, televiziyada namizədlər arasında qızğın debatlar aparılmır. Onların iştirakı ilə dəyirmi masalar keçirilmir. Bu isə anlayışla qarşılanır, çünki seçkilər yerli özünüidarə orqanlarına keçirilir. Bu halda regional KİV namizədlərin seçkiqabağı platformasının açıqlanması üçün meydança rolunu oynayır.
Prezident, parlament və bələdiyyə seçkilərində seçicilərin fəallığına gəlincə isə, burada mühüm fərq müşahidə olunmur. Bələdiyyələrdə bir yerə 2,5 namizədin iddia etməsi faktı özlüyündə kifayət qədər ciddi göstəricidir və demək olmaz ki, cəmiyyətdə yerli özünüidarə orqanlarına seçkilərə maraq azdır.
Seçkilərdə neçə müşahidəçinin iştirakı nəzərdə tutulur?
Hazırda bələdiyyə seçkilərini izləmək üçün 50000-dən artıq müşahidəçi MSK-da və dairə seçki komissiyalarında akkreditasiyadan keçib. Bu isə o deməkdir ki, hər bir məntəqənin payına orta hesabla 10 müşahidəçi düşür.
Ötən seçkilərin təcrübəsi göstərir ki, nəinki yerli müxalifət, həm də qərb təşkilatları Azərbaycanda seçki prosesinə tənqidlə yanaşır. Keçiriləcək seçkilərin daha az tənqid olunacağını gözləmək mümkündürmü?
Seçkilərin demokratikliyi və ədalətli olmasının göstəricisi onların şəffaf keçirilməsi üçün şəraitin yaradılmasıdır. Seçkilərdə şəffaflığın təmin edilməsi iki yolla həyata keçirilir. Birincisi, bu, seçkiqabağı dövrdə bütün tədbirlərin müxtəlif aşkarlıq institutlarının, eləcə də KİV-in iştirakı ilə keçirilməsi və işıqlandırılmasıdır. Qeyd etmək lazımdır ki, MSK-nın bütün iclasları və seçki prosesi ilə bağlı bütün tədbirlər onları geniş ictimaiyyət üçün işıqlandıran KİV-in iştirakı ilə keçirilir.
İkincisi, bilavasitə seçkilər günü şəffaflığın təmin edilməsidir. Azərbaycanda keçirilən seçkilərdə 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il keçiriləcək bələdiyyə seçkilərində də davam etdirilir. 23 dekabr tarixində 1000 seçki məntəqəsində (bütün məntəqələrin 20%-də) səhərdən axşama qədər online rejimdə işləyəcək veb-kameralar quraşdırılıb. Və onlar elə quraşdırılıb ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla ölkənin bütün ərazisini əhatə edir. Yəni dünyanın istənilən nöqtəsindən MSK-nın internet səhifəsinə daxil olaraq real zaman rejimində hər beş seçki məntəqəsindən birində seçkilər günü baş verən prosesləri izləmək mümkün olacaq. Yuxarıda qeyd olunduğu kimi, üstəlik 50000 müşahidəçi seçkiləri izləyəcək ki, bu da seçkilərin şəffaf keçirilməsinə tam imkan yaradır.
Müxalifət tərəfindən tənqidə gəlincə isə, burada qeyri-adi heç nə yoxdur. Hakimiyyətlə müxalifət arasında rəqabət hər yerdə mövcuddur. Bizdə də digər “cavan” demokratiya ölkələrində olduğu kimi rəqabətin daha qızğın formada baş verməsi mümkündür, bunun səbəbi isə demokratik seçki ənənəsinin nisbətən gənc olmasıdır. Amma 1990-cı illərdəki vəziyyəti bu günlə müqayisə etsək, o zaman burada nə dərəcədə böyük fərqin olduğunu görərik.
Ümumilikdə heç bir, hətta ən inkişaf etmiş ölkə belə bu və ya digər məntəqədə xoşagəlməz hallardan sığortalanmayıb. Və bu təbiidir, çünki milyonlarla insanın iştirak etdiyi seçki prosesinin tam qüsursuz keçirilməsi sadəcə mümkün deyil.
MSK istənilən halda bütün bu işlərə müdaxilə etmədən, özünün birbaşa funksiyasını layiqincə yerinə yetirməyə - seçki prosesinin azad şəraitdə və şəffaf keçirilməsini təmin etməyə çalışır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət