“İnterfaks-Azərbaycan” agentliyinin Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovla müsahibəsi
- Cənab səfir, Azərbaycanla İtaliya arasında münasibətləri necə xarakterizə edərdiniz?
- Azərbaycanla İtaliya arasında münasibətlər ənənəvi olaraq çox mühüm əhəmiyyət kəsb edən bir sıra elementlərə əsaslanır. Birincisi, digər ölkələrdən fərqli olaraq İtaliya və Azərbaycan dünyanın siyasi xəritəsində bir-birini 1991-ci ilin sonunda SSRİ-nin süqutundan sonra tapmayıblar. Bizim münasibətlərimiz möhkəm təməl üzərində qurulub. Hələ orta əsrlərdə Azərbaycan xanlıqlarının nümayəndələri artıq İtaliyanın Venesiya, Florensiya, Genuya və digər şəhərlərinə səfərlər ediblər. Eyni zamanda, İtaliya şəhərlərinin nümayəndələri Azərbaycan hökmdarlarının saraylarında olublar. Məşhur səyahətçi Marko Polo İtaliyadan Çinə Böyük İpək Yolu ilə səyahət edərkən Azərbaycandan keçib. Özünün gündəlik və xatirələrində o, həmin dövrün Azərbaycanına kifayət qədər yer ayırıb. Tarixi amil böyük önəm kəsb edir, çünki bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsini psixoloji cəhətdən qəbul etməsinə də öz izini qoyur. Bu, çox vacib elementdir.
Ölkələrimiz arasında müasir qarşılıqlı münasibətlər barədə danışarkən qeyd etmək istərdim ki, İtaliya Azərbaycanı müstəqil dövlət kimi qəbul edən ilk Avropa ölkələrindən biridir. İtaliya Bakıda öz səfriliyini açan ilk ölkələrdəndir. Siyasi münasibətlər hələ ümummilli lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əsasını qoyduğu möhkəm təməl üzərində qurulub. Hazırkı prezident cənab İlham Əliyev bu ölkəyə iki dəfə səfər edib. Sizə məlum olduğu kimi, son səfər zamanı ən yüksək səviyyədə sənəd - Strateji Əməkdaşlığa dair Bəyannamə qəbul edilib. Bu sənəddə bütün sahələrdə əməkdaşlığımızın əsas istiqamətləri və onların gələcək inkişaf perspektivləri öz əksini tapıb.
Yaxşı siyasi münasibətlərin nəticəsi olaraq iqtisadi sahədə çox möhkəm və sanballı nəticələrimiz var. Ticarət dövriyyəmiz artıq təxminən 7 mlrd. avroya çatıb, bu isə Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir. Bu, hətta İtaliyanın Avropa İttifaqından olan bəzi ənənəvi ticarət tərəfdaşları ilə ticarət dövriyyəsindən çoxdur.
Münasibətlər inkişaf edir. Yeni əməkdaşlıq sahələri daim dövriyyəyə buraxılır. Humanitar, həmçinin mədəniyyət, təhsil və elm sahələrində möhkəm münasibətlərimiz var. May ayında Bakıda keçirilmiş III
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İtaliyadan təxminən 15 nümayəndə - həm alimlər, həm jurnalistlər, həm dinlərarası məsələlər üzrə mütəxəssislər iştirak ediblər. Düşünürəm ki, bu səbəbdən xoş məram, anlayış, qarşılıqlı hörmət və maraqlar nəzərə alınmaqla bu münasibətlər gələcəkdə də yüksələn xəttlə inkişaf edəcək.
- Strateji Tərəfdaşlığa dair sənəddə İtaliyanın Qarabağ məsələsinə dair rəsmi mövqeyi öz əksini tapıbmı?
- Prinsip etibarilə, Qarabağ məsələsinə dair rəsmi mövqe məlumdur. Həmçinin unutmayaq ki, İtaliya ATƏT-in Minsk Qrupunda sədrlik edən ilk ölkə olub. Minsk prosesi hətta daha əvvəl məhz İtaliyadan başlayıb və o zaman heç Minsk də adlandırılmırdı. ATƏT-in Minsk Qrupunun üzvü kimi İtaliya öz mövqeyini həmsədrlərin fikri vasitəsilə ifadə edir. Digər element ondan ibarətdir ki, İtaliya Aİ-yə daxil olan ölkə kimi öz mövqeyini bu qurumun rəsmi nümayəndələrinin bəyanatları vasitəsilə də ifadə edir. Və nəhayət, rəsmi Romanın mövqeyinin son ifadə forması məhz Strateji Əməkdaşlığa dair bəyannamədə öz əksini tapıb. Sənəddə deyilir ki, “İtaliya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə hörmət əsasında nizamlanmasını dəstəkləyir”.
Azərbaycan bazarında İtaliya üçün nə prioritet təşkil edir?
- İtaliya üçün prioritet... Deyərdim ki, məlum olduğu kimi, İtaliya yüksək sənayenin inkişaf etdiyi ölkədir. Təbii ki, İtaliya şirkətləri və biznesi çox dinamikdir və daim yeni tərəfdaşların axtarışındadır. Azərbaycan İtaliya ilə müqayisədə əhalisinin az olmasına baxmayaraq (təxminən 10 mln. nəfər 60 mln. nəfərə qarşı), biznes mühit, imkanlar və dinamika nöqteyi-nəzərindən bu ölkə üçün cəlbedicidir. Buna görə İtaliya biznesi Azərbaycanda fəal şəkildə geniş yayılır. Bunlar elektronika, avadanlıq, maşınqayırma, energetika, enerji avadanlığı sahələridir. Hazırda onlar Azərbaycanda texnoloji parklarda yeni fəaliyyət formalarında iştiraklarını müzakirə edirlər. İtalyanlar artıq Sumqayıtda işləyirlər və yeni layihələrdə imkanları nəzərdən keçirirlər.
Bir ay öncə İtaliyanın iqtisadi inkişaf naziri xanım Federika Quidinin Azərbaycana səfəri zamanı Bakıda polipropilen istehsalı üzrə zavodun tikintisi haqqında müqavilə imzalanıb. İtaliya şirkətlərinin inşa edəcəyi bu zavod regionda ən iri zavod olacaq. Müqavilənin ümumi dəyəri təxminən 350 mln. avro təşkil edir. Hazırda İtaliya İqtisadiyyat Nazirliyi öz biznesinin cəlb edilməsi üçün əlavə imkanları nəzərdən keçirir. Buna görə mən gələcəyə kifayət qədər nikbin baxıram. İtaliya bir ölkə kimi yüksək dinamikaya malikdir və iş adamlarının təşəbbüskarlığı nöqteyi-nəzərindən Azərbaycana yaxındır. Düşünürəm ki, perspektivlərimiz kifayət qədər yaxşıdır və bu günə qədər nail olduğumuz möhkəm özülə əsaslanır.
- Cənab səfir, Azərbaycan qazının Apennin yarımadasına ixracı üzrə layihələri necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, Azərbaycan bir neçə komponentdən ibarət olan “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı və fəal icraçısıdır. Aərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) simasında bu layihənin icrası üzrə işlərin bütün mərhələlərinə fəal şəkildə cəlb edilib. Bu, həm “Şahdəniz” yatağı, həm Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, həm Trans-Anadolu qaz kəmərinin tikintisi (TANAP), həm də sonuncu dördüncü element kimi Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisidir. Hazırda bu, bizim üçün prioritet təşkil edir. Bidiyiniz kimi, həm Azərbaycanda, həm Türkiyədə, həm də Gürcüstanda işlər aparılır və biz ümid edirik ki, 2019-cu ilə qədər Azərbaycan qazı İtaliyaya çatacaq, bu isə Avropanın mərkəzi deməkdir.
- Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının növbəti iclasının nə zaman keçirilməsi gözlənilir?
- Son iclasımız 2013-cü ilin dekabr ayında Bakıda olub. Növbəti iclas 2014-cü ildə keçirilməli idi. Lakin 2014-cü ilin ikinci yarısında İtaliyanın Avropa İttifaqında sədrliyi ilə əlaqədar İtaliya tərəfinin xahişi ilə biz iclası təxirə saldıq. Komissiyanın iclasını cari ilin ikinci yarısnda İtaliyada keçirməyi planlaşdırırıq.
Söhbət etdi Fərdin İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət