İsrailin Azərbaycandakı səfiri Dan Stavın “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi
- Cənab Stav, icazə verin, sizi İsrailin Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edim və diplomatik fəaliyyətinizdə uğurlar arzu edim.
- Xoş sözlərinizə görə minnətdaram. Azərbaycan mətbuatının işi mənim üçün maraqlıdır və ofisinizi ziyarət edib, “İnterfaks-Azərbaycan” agentliyinin rəhbərliyi ilə tanış olmaq mənim üçün xoş idi.
- Azərbaycanda fəaliyyətiniz dövründə özünüz üçün hansı prioritetləri müəyyən etmisiniz?
- Əminəm ki, mənim sələfim Azərbaycanla İsrail arasında münasibətlərin möhkəmləndirilməsində böyük rol oynayıb. Ümid edirəm ki, bu münasibətlər gələcəkdə də möhkəmlənəcək. Tərəflər arasında bir sıra sahələrdə artıq sıx əlaqələr mövcuddur. Ancaq Azərbaycan tərəfi hansısa müəyyən sahənin inkişafında maraqlıdırsa, biz əməkdaşlığa hazırıq.
Hörmətli prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələnməsi barədə dəfələrlə bəyan edib və bu istiqamətdə mümkün olan hər şey edir. Bildiyiniz kimi, Azərbaycanın kənd təsərrüfatı sahəsinin inkişafı da prioritetlərə daxildir. İsraildə bu sahə ən çox inkişaf edən sahələrdən biridir. Biz Bakı ilə bu istiqamətdə münasibətləri daha da inkişaf etdirmək istəyirik.
Azərbaycanda bir sıra İsrail şirkətləri fəaliyyət göstərir. Təbii ki, bu və ya digər sahənin inkişafı üçün ekspertlər səviyyəsində rəylərin verilməsi lazımdır. Və şübhəsiz ki, Azərbaycanın ekspert dairələri hansı sahənin inkişafının daha yaxşı olacağını çox gözəl bilirlər.
Əməkdaşlığın daha bir istiqaməti İKT sahəsidir. İsrail şirkətləri bu sahədə Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər. Bildiyiniz kimi, Azərbaycanda “Telekommunikasiya və İnformasiya Texnologiyaları” (BakuTel) Beynəlxalq sərgi-konfrans keçiriləcək. İsrail şirkətləri hər il bu sərgidə iştirak edirlər. Şirkətlərimizin bu il də həmin tədbirdə fəal iştirakı üçün bütün səylərimizi birləşdirəcəyik.
Ölkələrimiz arasında əməkdaşlıq üçün daha bir istiqamət təhsil sahəsidir. Biz Azərbaycan və İsrailin ali məktəbləri arasında əməkdaşlıq qura bilərik.
Həmçinin səhiyyə sektoru da əməkdaşlıq üçün əhəmiyyətli sahədir. Şəxsən mən Azərbaycanla İsrail arasında bu əməkdaşlıq istiqamətini prioritet hesab edirəm. Artıq Azərbaycanda İsrail səhiyyəsi populyarlaşır.
Yuxarıda qeyd olunanlarla yanaşı, mədəniyyət sahəsində fəaliyyətə də toxunmaq istərdim. İncəsənət və mədəniyyət xadimlərinin qarşılıqlı səfərlərinin təşkili, həmçinin Mingəçevir (Azərbaycan) - Afula (İsrail) şəhərlərinin qardaşlaşması, o cümlədən imzalanmağa hazırlanan Qəbələ (Azərbaycan) və Yokneam-İlit (İsrail) arasında qardaşlaşmaya dair sənəd ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi istiqamətində körpü rolunu oynayacaq.
Bundan başqa, turizm sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar mövcuddur.
Yaxın günlərdə parlament seçkiləri keçiriləcək, bundan sonra Azərbaycanın qanunvericilik orqanına yeni deputatlar qəbul ediləcəklər. Biz bu istiqamətdə Bakı ilə daha sıx münasibətlər qurmaq istərdik.
- Siz seçkilər mövzusuna toxundunuz. Seçkilər ərəfəsində bu hadisəyə hazırlıq prosesi ilə tanışlıq məqsədilə hansısa seçki məntəqələrində olmusunuz?
- Seçkilər ərəfəsində heç bir seçki məntəqəsində olmamışam. Qeyd etmək istərdim ki, bildiyiniz kimi, ictimaiyyət üçün seçkilərin rolu böyükdür. İnsanlar rəhbərlikdə duran şəxsləri seçmək hüququna malikdirlər. Biz, İsrail tərəfi, təbii ki, həmin seçkilərdə müşahidəçilər qismində təmsil olunacağıq. Lakin bununla yanaşı, hesab edirik ki, Azərbaycanda keçirilən parlament seçkiləri ölkənin daxili işidir. Biz Azərbaycana inanırıq. Bizim çox yaxşı parlamentlərarası münasibətlərimiz var.Azərbaycanın qanunvericilik orqanından bizə seçkilərin monitorinqini keçirməyə dair dəvət daxil olub. Bununla əlaqədar Aviqdor Libermanın başçılığı ilə İsrail Knessetinin nümayəndə heyəti seçkilər günü Azərbaycana səfər edəcək.
- Aviqdor Libermandan başqa digər vəzifəli və rəsmi şəxslərin Azərbaycana, eləcə də Azərbaycandan İsrailə səfərləri gözlənilirmi?
- Azərbaycan parlamentinin nümayəndə heyəti İsrailə səfər etməli idi. Ölkənizdə seçkilərlə əlaqədar bu səfər təxirə salınıb. Bütün səfərlər, xüsusilə onların tarixi Azərbaycanda keçiriləcək seçkilərdən sonra müəyyən ediləcək.
- Siz Azərbaycan və İsrailin sıx əməkdaşlıq qurduğu bir sıra sahələri qeyd etdiniz. Ümumilikdə Azərbaycan iqtisadiyyatının hansı sektoru İsrail tərəfi üçün daha maraqlıdır?
- Bu, energetika sahəsidir. Biz bu sahədə qarşılıqlı əlaqələrin daha da genişlənməsini istəyirik. Azərbaycan bu sahədə işləməyi bacarır, böyük təcrübəyə malikdir. İsrail Azərbaycanın enerji resurslarının tədarükünü yüksək qiymətləndirir.
Azərbaycana gəlmədən öncə sizin ölkə ilə münasibətlərin inkişafında maraqlı olan İsrail şirkətlərinə sorğu göndərdim.
Əvvəlcə İsrail şirkətlərinin nümayəndələri ilə 2 saatlıq görüş nəzərdə tutulmuşdu. Sonra isə məndən hətta iki gün yarım ərzində görüşlər keçirməyi xahiş etdilər, çünki nəzərdə tutulan 6 şirkətin əvəzinə 40-dan artıq şirkətin nümayəndələri mənimlə görüşmək istəyiblər. Onların fəaliyyəti müxtəlif sahələri əhatə edir. Həmin şirkətlər İKT, kənd təsərrüfatı, kibertəhlükəsizlik və bir şox digər sahələlər üzrə ixtisaslaşıb.
Su enerjisi istehsal edən WERPO (Wave Electricity Renewable Power Ocean) şirkəti mənə daha maraqlı gəldi. Bu şirkət Xəzər dənizinin dalğalarından enerji istehsal etmək sahəsində Azərbaycanla əməkdaşıqda maraqlıdır.
- Bilavasitə İsrailə aid olan bir sıra beynəlxalq məsələlərə toxunmaq istərdm. Məlum olduğu kimi, bir zamanlar sıx tərəfdaşlıq əlaqələri olan Türkiyə və İsrail Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisində baş vermiş məlum hadisələrdən sonra bu gün qarşılıqlı münasibətlərdə gərginlik yaşayırlar. Bu gün İsrail və Türkiyə ilə həmsərhəd olan Suriya ərazisindən gələn terror təhlükəsi İsrail ilə Türkiyənin yaxınlaşmasına təsir edə bilərmi?
- Siz düzgün qeyd etdiniz ki, İsrail və Türkiyə arasında hər zaman yaxşı münasibətlər olub. Strateji nöqteyi-nəzərdən bu ölkələr bir-birinə ehtiyacı olan dövlətlərdir. Hər iki ölkə münaqişələrin nizamlanmasını və regionda sülh və sabitliyin bərpasını istəyir. Qeyd etdiyiniz kimi, “Mavi Mərmərə” gəmisində baş vermiş hadisələrdən sonra Türkiyə-İsrail münasibətlərində gərginlik yarandı. Lakin hər iki tərəf bu əlaqələrinin yaxşılaşması üçün səy göstərməlidir. İki ölkənin rəsmi şəxsləri görüşlər keçirərək qarşlıqlı əlaqələri bərpa etməyə çalışırlar. Ümid edirik ki, Türkiyə ilə münasibətlərimiz daha da yaxşılaşacaq.
- İsrail bu gün Suriya ərazisində qarışıqlıq yaradan “İslam dövləti” terror qruplaşmasını özü üçün nə dərəcədə təhlükəli hesab edir?
- İsrail Suriyanın daxili işlərinə müdaxilə etmir. Buna baxmayaraq, “Hizbullah” təşkilatı və digər terror qruplaşmaları bizə hücumlar həyata keçirirlər. Suriya-İsrail sərhədində vaxtaşırı atışmalar olur. Suriya hərbçiləri və onların tərəfdaşları İsrailə hücum edirlər. İsrail sərhədlərinin müdafiəsi üçün BMT-nin 51-ci maddəsinə uyğun olaraq cavab tədbirləri görür. Suriya ərazisində İranın dəstəklədiyi digər terror təşkilatları da fəaliyyət göstərir. Onlar bizə hücumlar həyata keçirir və narahtlıq üçün əsas yaradırlar. İŞİD-ə gəlincə isə, bu təşkilat bütün region üçün təhlükə mənbəyidir.
- İsrail tərəfi Suriyada terrorçuların mövqelərinə Rusiya Hərbi-Kosmik Qüvvələrinin endirdiyi zərbələri necə qiymətləndirir?
- Qeyd etdiyim kimi, bu məsələ bizə toxunmayana qədər Suriyanın daxili işlərinə müdaxilə etmək bizim maraqlarımızda deyil. Əvvəlcə Rusiyanın bu münaqişədə iştirakı, Rusiya aviasiyasının Suriya səması üzərində uçuşları bizi çaşdırdı. Lakin buna baxmayaraq, biz bu məsələyə müdaxilə etmirik. Bütün bunlar Suriyanın daxilində baş verir və Rusiya orada iştirak edərək nəyisə müdafiə edirsə, bu, onların öz işidir.
- Cənab səfir, sonda Ermənistan-Azərbaycan və Fələstin-İsrail münaqişələrinə dair fikrinizi öyrənmək istərdim. Bu münaqişələrin tarixi və tərəflərin mövqeləri bizə məlumdur. Diplomat kimi fikriniz maraqlıdır, bu münaqişələrin nizamlanmasını necə görürsünüz?
- Təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, Fələstin və İsrail arasında münaqişədə çalışırıq ki, vaxtilə Misirlə İordaniya məsələsində olduğu kimi, hər iki tərəf danışıqlar yolu ilə razılığa gəlsin. Əfsuslar olsun ki, Fələstinlə bağlı məsələdə buna nail olmaq mümkün olmayıb. Biz danışıqlar aparmağa çalışırıq və ümid edirik ki, onlarla da (Fələstinlə - İF-Az) sülhə nail ola biləcəyik.
Dağlıq Qarabağa gəlincə isə, yenə də təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, bu məsələdə hər iki tərəf danışıqlara razılıq verməlidir. Təbii ki, bu münaqişəni Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması şərti ilə həll etmək mümkündür.
Söhbət etdi Fərdin İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət