“İnterfaks-Azərbaycan” agentliyinin Misirin Bakıdakı səfiri Suzan Cəmil ilə müsahibəsi
- Xanım səfir, özünüz barədə məlumat verməyinizi xahiş edirik.
- 1981-ci ildə Misir Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışam və müxtəlif vəzifələrdə çalışmışam. Azərbaycana təyin olunana qədər xarici işlər nazirinin beynəlxalq mədəni məsələlər üzrə müavininin köməkçisi vəzifəsini icra etmişəm.
1984-cü ildə BMT-nin Cenevrədəki ofisində Misir nümayəndə heyətinin üzvü olmuşam, Fransada konsul, Ekvadorda səfir, Kanadanın Monreal şəhərində baş konsul postlarını tutmuşam. 1996-2001-ci illərdə Misir Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Beynəlxalq Əməkdaşlıq Fondunda fəaliyyətimi davam etdirmişəm.
- Azərbaycanla bağlı təəssüratlarınızı bölüşərdiniz. Daha öncə ölkəmizə səfər etmisinizmi?
- Səfir təyinatından əvvəl Azərbaycanda olmamışam. Qazaxıstana səfər etmişəm, həyat yoldaşım Misirin Astanadakı səfirinin müşaviri vəzifəsində çalışıb.
Azərbaycan gözəl ölkədir, Bakı gözəl şəhərdir. Burada yüksək surətli inkişaf müşahidə olunur. Mən əslən İskəndəriyyə şəhərindənəm və bu şəhər də Bakı kimi dəniz sahilində yerləşir. Hər iki şəhər arasında çoxlu oxşarlıqlar var. Azərbaycan xalqı barədə qeyd edə bilərəm ki, mehribandır, misirliləri sevirlər. Özümü təqdim edəndə, məni çox yaxşı qarşılayırlar.
- Azərbaycanda diplomatik fəaliyyət dövrü ərzində özünüz üçün hansı prioritetləri müəyyən etmisiniz?
- İki ölkə arasında oxşar cəhətlər çoxdur. Əməkdaşlığın inkişafı üçün böyük potensial var ki, biz bunu gələcəkdə hər iki ölkə xalqının qarşılıqlı münasibətlərinin və dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi üçün istifadə edə bilərik.
- İqtisadi münasibətləri necə qiymətləndirərdiniz? Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir?
- Azərbaycanla Misir arasında ticarət dövriyyəsinin həcmi aşağı olsa da, bu rəqəmi artırmaq mümkündür. Bunun üçün müvafiq imkanlar var, çünki Azərbaycan və Misirin bazarlarında qarşılıqlı tələbat mövcuddur. Neft və qaz nəzərə alınmadan, ticarət dövriyyəsi $8 mln.-u ötmür. Biz bu rəqəmi artırmağa çalışırıq.
- İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Misir Hökumətlərarası Komissiyanın növbəti iclasının tarixi müəyyən olunub?
- 2016-cı ilin əvvəlində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. Əsasən qarşılıqlı iqtisadi əlaqələrə dair məsələlər müzakirə olunacaq.
Siyasi münasibətlərə gəlincə, bu sahədə əlaqələri möhkəmləndirmək və qarşılıqlı səfərlərin sayını və intensivliyini artırmaq niyyətindəyik. Hər iki ölkənin xalqları bir-birini daha yaxşı tanımaq istəyir. Misirlilər Azərbaycanı, azərbaycanlıları daha yaxından tanıyıb, daha ətraflı məlumat əldə etməlidirlər. Buna qarşılıqlı ehtiyac var. Düzdür, azərbaycanlıların Misir barədə məlumatları var, lakin bu, daha çox qədim Misirlə bağlıdır, nəinki müasir. Bu səbəbdən informasiya mübadiləsinin inkişafını mühüm amil hesab edirəm. Bu sahədə fəaliyyətimizi aktivləşdirməyə çalışırıq. Bununla yanaşı, Azərbaycanda Misir Mədəniyyət Mərkəzinin fəaliyyətinin inkişafına dair planları qeyd etmək istərdim. Həmin Mərkəz vasitəsilə mədəniyyət və tariximiz barədə məlumatı geniş ictimaiyyətə çatdırırıq.
- Məlumdur ki, Misir dünyada kurortları və turizm potensialı ilə məşhurdur. Lakin Rusiyanın sərnişin təyyarəsi ilə baş verən insident ölkənizə turist axınının azalmasına səbəb oldu. Qahirə tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirlməsi ilə bağlı əlavə tədbirlər görülürmü?
- Misirin bütün hava limanlarında təhlükəsizlik tədbirləri Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydaları və standartlarına uyğun aparılır. Bu təşkilat Misirin aeroportlarında təhlükəsizlik sahəsində heç bir çatışmazlıq qeydə almayıb. Buna baxmayaraq, biz aeroportlarda təhlükəsizlik tədbirlərini daha da gücləndiririk. Bununla yanaşı, Britaniya da daxil olmaqla, bir sıra ölkələrin müvafiq strukturlarının nümayəndələrini dəvət etdik ki, aeroportlarda təhlükəsizlik tədbirlərinin səviyyəsini bir daha yoxlasınlar. Yoxlamalar bitdikdən sonra məlum oldu ki, bu istiqamətdə ən yüksək səviyyədə tədbirlər həyata keçirilir.
Misir artıq Rusiya və Böyük Britaniyanı ölkəmizə turizm səfərlərini bərpa etməyə çağırıb. Hazırda Rusiya ilə Misir arasında hava nəqliyyatı ilə yük daşımaları bərpa olunub və sərnişin daşımalarının bərpasına dair danışıqlar aparılır. Hava nəqliyyatı ilə yük daşımalarının bərpası təhlükəsizlik tədbirlərinin mövcud olmasından xəbər verir.
- Azərbaycanla Misir arasında turizm sahəsində əməkdaşlıq səviyyəsi barədə nə deyə bilərsiniz?
- Ölkələrimiz arasında turizm sahəsində münasibətlərin səviyyəsi qənaətbəxş deyil. Azərbaycanlı turistlərin sayını ruslarla müqayisə etməyə dəyməz. Rus turistlər Misirə səyahət üzrə dördüncü yerdədirlər. Turist axınının aşağı səviyyəsi Azərbaycanla Misir arasında birbaşa hava əlaqəsinin olmaması ilə bağlıdır.
Noyabrın sonunda Misirin turizm nazirinin rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılırdı. Nümayəndə heyətinin tərkibinə müxtəlif regionların qubernatorları, turizm sektoru ilə əlaqədar şəxslər daxil idi. Lakin Rusiyanın sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar səfər qeyri-müəyyən müddətə təxirə salındı. Bakıda danışıqlar zamanı “AİR Cairo” şirkətinin Azərbaycanla Misir arasında birbaşa aviareysin açılması tarixi müəyyən ediləcəkdi. Ölkələr arasında müqavilə artıq imzalanıb, yalnız reyslərin başlama tarixini müəyyən etmək qalır.
- Rəsmi şəxslərin qarşılıqlı səfərlər nəzərdə tutulubmu? Bizdə olan məlumata görə, Misir prezidenti Əbdül Fəttah as-Sisinin Azərbaycana səfəri baş tutacaq.
- Misir prezidentinin Bakıya səfər edəcəyini gözləyirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi ilə görüş zamanı o mənə bildirdi ki, prezident Əbdül-Fəttah əs-Sisiyə mart ayında keçiriləcək IV Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak üçün dəvət göndəriləcək. Cənab əs-Sisinin Azərbaycana səfəri zamanı ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşlərin keçirilməsi də planlaşdırılır. Əminəm ki, prezidentin səfəri ölkələr arasında əlaqələri daha da möhkəmləndirəcək. Bundan başqa, forumda Misirdən digər qonaqlar da iştirak edəcəklər.
- Energetika sahəsində Azərbaycan və Misir arasında əməkdaşlıq barədə nə deyə bilərsiniz? Bu yaxınlarda SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev Misirə səfər edib. Həmin səfər çərçivəsində hər hansı razılaşma əldə olundumu?
- SOCAR-ın prezidentinin səfəri Azərbaycan və Misir arasında energetika sahəsində əməkdaşlıq potensialının mövcudluğunu nümayiş etdirdi. Misir Azərbaycandan aldığı iri həcmdə neft və qaza görə bütün borclarını ödəyib.
Qeyd etmək lazımdır ki, Misir SOCAR-a yeni Süveyş kanalı ətrafında həyata keçirilməsi nəzərdə tutulan layihələrə sərmayə yatırmağı təklif edib. Lakin konkret layihələr hələ müəyyən olunmayıb.
Söhbət etdi Fərdin İsazadə
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Qurbanov “Azneft” İstehsalat Birliyinin baş direktoru təyin edilib
Azərbaycan yanvarda “Premium Euro-95” markalı benzin idxalını 2,8 dəfə artırıb
Azərbaycan bankları bu gün valyuta hərracında $94,6 milyon cəlb edib
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət