Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlətmüşaviri Kamal Abdulla “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi müsahibədə Azərbaycanda multikulturalizmin vəziyyəti, multikulturalizmin Azərbaycan modeli, onun xaricdə təbliği barədə danışıb.
- Bir sıra xarici ali məktəblərdə müstəqil fənn kimi “Azərbaycan multikulturalizmi” tədris edilir. Bu barədə ətraflı danışa bilərsinizmi?
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin təşəbbüsü və dəstəyi ilə ümumilikdə multikulturalizm ideyalarının, o cümlədən multikulturalizmin Azərbaycan modelinin öyrənilməsi və təbliği üzrə bir sıra layihələr həyata keçirir. Bu, bizim məqsədimizdir. Prezident İlham Əliyev xüsusilə qeyd edib ki, multikulturalizm ideyasının alternativi yoxdur və biz multikulturalizmin Azərbaycan modelini ən uğurlu modellərdən biri kimi dünyaya tanıtmalıyıq. Qeyd edilən layihələr digər vacib addımlarla yanaşı, xarici ölkələrin akademik ictimaiyyətinin multikulturalizmin Azərbaycan modeli ilə tanışlığını, bu ölkələrin universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin təşkilini nəzərdə tutur.
İlkin mərhələdə xidmətin əməkdaşları tərəfindən bu fənn üzrə proqram hazırlanaraq Təhsil Nazirliyinə təqdim edilib və təsdiq olunub.
Buna paralel olaraq biz bu fənni xarici universitetlərdə tədris edəcək, multikulturalizm ideyasının yayılması və xarici auditoriyaya ölkəmizin keçmişi və bu günü barədə obyektiv informasiya verəcək, onları Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış edə biləcək mütəxəssislər hazırlamalıyıq.
Xarici akademik mühitdə yeni fənnin təqdim edilməsi asan məsələ deyil. BBMM Avropa, Asiya, MDB ölkələrinin universitetləri ilə danışıqlar aparıb, onlar üçün müxtəlif təqdimatlar, “dəyirmi masa”lar, tematik və icmal mühazirələr təşkil edib. Bu iş indi də davam etdirilir.
Qısa zaman ərzində (iki semestr ərzində) 11 xarici universitet öz tədris planına “Azərbaycan multikulturalizmi” fənnini daxil edib. Fikirmcə, bu, yaxşı başlanğıcdır.
Bizim təklif etdiyimiz fənnin aktuallığı onunla təsdiq edilir ki, bəzi xarici universitetlər özləri bu kursun tədrisinin təşkili üçün bizə mürciət edirlər.
Xüsusilə qeyd etmək istəyirəm ki, xarici ali məktəblərdə işləyən mütəxəssislərimiz dərs proqramları ilə yanaşı, ölkə ictimaiyyətinin müasir Azərbaycanın həyatı, mədəniyyəti, tarixi, nailiyyətləri və problemləri ilə tanışlığı üçün də iş aparırlar ki, mənim fikrimcə, bu, çox vacibdir.
- Layihəniz hansı ölkələrdə həyata keçirilir və ilkin nəticələr necədir?
- Biz Avropa ölkələrinin bir sıra tanınmış universitetləri ilə işləyirik. Bunlar Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (Bolqarıstan), İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (Gürcüstan), Ural Federal Universiteti (Rusiya Federasiyası), Litva Edukoloji Universiteti (Litva), Praqa Karl Universiteti (Çexiya), Roma Sapienza Universiteti (İtaliya), Belarus Dövlət Universiteti (Belarus), Lusafona Universiteti (Portuqaliya), Frayburq Universiteti (İsveçrə), Poltava İqtisadiyyat və Ticarət Universiteti (Ukrayna) və Ərciyəz Universitetidir (Türkiyə).
Bu universitetlərdə dərsləri həm azərbaycanlı, həm də yerli mütəxəssislər tədris ediblər. Biz bir zamanlar Bakı Slavyan Universiteti tərəfindən xarici universitetlərdə yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzlərini bu prosesə qoşmaq, eyni zamanda, diaspor nümayəndələrinin imkanlarından istifadə etmək, eləcə də yerli professuranı birgə axtarışlara və məşğələlərə cəlb etmək istəyirik. Bu, həm də ona görə səmərəlidir ki, xarici universitetərdə bizim kursun tədrisi multikulturalizm ideyalarını populyarlaşdırmaq və müxtəlif modellərin üstün cəhətlərini müqayisə etmək üçün imkan yaradır. Beləliklə, biz təşəbbüsçü, bir növ bu ölkələrdə multikulturalizmin öyrənilməsi prosesinin katalizatoru rolunda çıxış etmiş oluruq.
“Azərbaycan multikulturalizmi”ni tədris edən xarici ali məktəblərin sayı durmadan artır. Cari tədris ilinin gələn semestrindən Almaniyanın Ausburq Universitetində, Varşava Universitetində, İndoneziyanın Gadjah Mada Universitetində bu fənnin tədrisinə başlanılacaq. Əminəm ki, belə universitetlərin siyahısna yeniləri də əlavə olunacaq, müstəqil Avropa dövləti olan, tarixən bir çox dövlətləri narahat edən problemlərin yaşanmadığı Azərbaycanın artan nüfuzu da buna kömək edəcək. Nəzərə alınmalıdır ki, hətta inkişaf etmiş ölkələr də millətlər və dinlərarası xarakterə malik çətinliklərlə üzləşirlər.
Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, multikulturalizmin xalqın həyat tərzi olduğu, multikulturalizm mühitinin dəstəklənməsi və möhkəmlənməsi üzrə düşünülmüş dövlət siyasəti yürüdən ölkəmizin təcrübəsi başqa dövlətlər üçün də faydalı ola bilər. Akademik Ramiz Mehdiyev də bu məqama nəzər salaraq qeyd edib ki, Avropa Azərbaycanın 100 illərdən bəri davam edən tolerantlıq, dini dözümlülük və multikulturalizm təcrübəsinə müraciət etsə, yaxşı olardı.
İlkin nəticələrə gəlincə, demək olar ki, müsbət nəticələr əldə edilib. Layihə ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, onun mədəni və humanitar əlaqələrinin genişlənməsinə, ali məktəblərimizin bir sıra Avropa və Asiya ölkələrinin tanınmış universitetləri ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasına kömək edir. Layihə xarici ictimaiyyətin Azərbaycan, multikulturalizmin Azərbaycan modeli haqqında məlumatlılıq səviyyəsinin yüksəlməsinə kömək edir.
Bizim mütəxəssislərin, müəllimlərin, eləcə də elm, mədəniyyət, incəsənət və ictimai xadimlərin ölkə hüdudlarından kənarda gördüyü işlər xarici həmkarlarımız tərəfindən yüksək qiymətləndirilir. Xarici KİV-lərdə dərc ediləın məqalələr də belə deməyə əsas verir. Diqqətəlayiq faktdır ki, xarici mətbuat tez-tez Azərbaycan, dövlətimizin yürütdyü siyasət barədə obyektiv məqalələr dərc edir.
- Xarici gənclərin multikulturalizmin Azərbaycan modelinə marağı hansı səviyyədədir?
Deyə bilərəm ki, çox yüksək maraq var. Kurslara qatılana qədər bir çox xarici tələbələr və azad dinləyicilər Azərbaycan, multikulturalizmin Azərbaycan modeli barədə çox səthi təsəvvürə malik idilər. Lakin kurslar başa çatdıqdan sonra biz əmin olduq ki, gənclərin Azərbaycan barədə bilikləri əhəmiyyətli dərəcədə genişlənib və dərinləşib, onların ölkəmizin mədəniyyətinə və tarixinə marağı artıb.
Azərbaycanda yay məktəbinin iştirakçısı olan xarici tələbələr bizim reallıqlarımızı öz gözləri ilə görmək imkanı qazandılar və onların ölkəmizə qarşı marağı əsl sevgiyə çevrildi. Bakı, Quba, Qusar, Xaçmaza səfərlər, regionlarda multikultural mühiti qeyri-formal şəraitdə müşahidə, yerli sakinlərlə ünsiyyət, yerli gənclərin mehriban, dost münasibəti onlarda dərin təəssürat yaratdı, əmin oldular ki, öyrəndikləri nəzəri biliklər Azərbaycan cəmiyyətinin və dövlətinin real həyatından əsla fərqlənmir.
Azərbaycanın dostu olaraq onlar zərurət yarandıqda ölkəmizin həqiqətlərini dəstəkləyir, xalqımıza sevgi və hörmətlərini ifadə edirlər. Onlar Azərbaycana qarşı istənilən ədalətsizliyə qarşı kəskin reaksiya verir, dövlətlərarası mübahisələrin həllində ikili standartlara yol verən bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ünvanına səsləndirilən əsassız ittihamlara qarşı öz fikirlərini bildirirlər. Əminliklə deyə bilərəm ki, onların Azərbaycanın əsl dostlarıdır.
- Azərbaycan multikulturalizmi yerli ali məktəblərin tədris planlarına daxil edilib. Mümkünsə, bir neçə kəlmə də bu barədə danışın.
- Bəli, bu belədir. Yerli ali məktəblərdə bu layihə iki mərhələdə həyata keçirilir. “Multikulturalizmə giriş” fənni bakalavriaturada, “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris edilir. Ötən iki semestr ərzində (ötən tədris ilinin ikinci, bu tədris ilinin birinci semestri) bu fənnin tədrisi 20 universitetimizdə həyata keçirilib. Əgər ötən dərs ilində bu fənn 7 universitetdə tədris olunubsa, birinci semestrdə bu ali məktəblərin sayı 19-a çatıb. Sözsüz ki, bu siyahı genişlənəcək.
Bizim əsas vəzifəmiz bu fənnin ali məktəblərin tədris planına daxil edilməsidir. Məqsəd gəncləri Azərbaycan xalqının çoxəsrlik multikulturalizm ənənələri ilə tanış etmək, onlarda Azərbaycan dövlətinin və xalqının dəyərli sərvəti olan bu ənənələrin qorunmasına stimul yaratmaqdır.
Bu gün bu zərurətdir. Gəncləri tolerantlıq, multikulturalizm ruhunda tərbiyə etmək, dövlətin multikulturalizm siyasətinin mahiyyətini düzgün anlamaqda onlara kömək etmək son dərəcə vacibdir. Bu vacib və məsuliyyətli missiyanı digər strukturlarla birlikdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yerinə yetirir.
Ötən tədris ilində mərkəzin təklifi və dəstəyi ilə Bakı Slavyan Universitetində respublikada ilk dəfə olaraq Azərbaycan multikulturalizmi kafedrası yaradılıb. Kafedra profil istiqamətli elmi və tədris-metodiki baza rolunu oynayır və multikulturalizm sahəsində layihə və tədbirlərin elmi təminini həyata keçirir. Digər universitetlərdə də belə kafedralar yaradılacaq.
Azərbaycanda multikulturalizm sahəsində daha hansı layihələr həyata keçirilir?
- 2015-ci il ilin iyul-avqust aylarında BBMM, Bilik Fondu və Bakı Slavyan Universiteti birlikdə beynəlxalq yay məktəbi təşkil edib, yay məktəbinin işində yerli və xarici tələbələr iştirak ediblər. Onlar “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” kurslarını uğurla başa vurub, mərkəz tərəfindən təqdim edilmiş seçim şərtlərini uğurla yerinə yetiriblər. Bu tələbələr İtaliya, Çexiya, Litva, Bolqarıstan, Belarus, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna ali məktəblərindən gəlmişdilər. Yay məktəbinin devizi belə idi: “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş”.
Bu layihə cəmiyyətdə geniş rezonans doğurub və iştirakçılar tərəfindən müsbət qiymətləndirilib. Lektor qismində tanınmış xarici və yerli mütxəssislər dəvət edilib. Onların arasında professor Klaus Volf (Almaniya), professor Aleksandr Nesterov (Rusiya), Milli Məclisin deputatı, professor Sahibə Qafarova, AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşları - professor Etibar Nəcəfov, tarix elmləri doktoru Həcər Verdiyeva və başqaları da olub.
Tezliklə, beynəlxalq qış məktəbi açılacaq, bu məktəbin işində bizim həm də tərəfdaşlarımız olan köhnə dostlarımız, həmçinin yeni tələbələr də iştirak edəcəklər. Məktəbin işinə cəlb edilən xarici və yerli mütəxəssislərin sayı artırılacaq.
Mərkəzin ölkə hüdudlarından kənarda işi barədə danışarkən, Avropa ölkələrinin böyük mədəniyyət və inzibati mərkəzlərində keçirilən bir sıra tədbirləri qeyd etmək lazımdır. 2015-ci ilin aprelində BBC-nin Londondakı baş ofisində Azərbaycan multikulturalizminə həsr edilmiş “dəyirmi masa” keçirilib, Vatikanın Romadakı PontifiçiaSalesiana Universitetində "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)" mövzusunda beynəlxalq konfrans keçirilib.
Həmin ilin may ayında Almaniyanın Brandenburq Elmlər Akademiyasında “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli” mövzusunda simpozium keçirilib. Almaniyanın Ausburq şəhərində “Ausburqda dini azadlıq və Azərbaycan multikulturalizmi” (2015-ci ilin iyun ayı) adlı ikigünlük kollokvium keçirilib. 2015-ci ilin dekabrında Drezden kitabxanasında “Kitabi-Dədə Qorqud” dastanlarında tolerantlıq Azərbaycan multikulturalizminin bədii qaynaqlarından biri kimi” mövzusunda “dəyirmi masa” təşkil edilib.
2015-ci il noyabrın 16-da Bakıda görkəmli ictimai və siyasi xadimlərin, elm, mədəniyyət nümayəndələrinin, Azərbaycanda fəaliyyət göstərən dini icma rəhbərlərinin iştirakı ilə Beynəlxalq Tolerantlıq Günü təntənəli şəkildə qeyd edilib, tədbir zamanı altı görkəmli dini liderə Azərbaycan prezidentinin fəxri diplomları təqdim edilib.
Biz adı çəkilən fənlərin tədrisi üçün zəruri elmi-metodiki baza üzərində işləyir, Azərbaycan multikulturalizmi ideyasını uğurla inkişaf etdiririk.
“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı kitab artıq çapa hazırdır, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi qaynaqları” adlı kitablar üzərində iş başa çatmaq üzrədir.
- Ötən ili necə qiymətləndirirsiniz və bu ilə hansı planlarınız var?
- 2015-ci il hadisələrlə zəngin və məhsuldar il olub. Xidmət, BBMM və bizim tərəfdaşlarımız tərəfindən Azərbaycan multikulturalizmi ideyasının yayılmasına, cəmiyyətimizin və dövlətimizn multikulturalizm təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirilib.
Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünas, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama müvafiq olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti və BBMM tərəfindən bir sıra tədbirlər, o cümlədən “dəyirmi masalar”, beynəlxalq elmi konfranslar, kollokviumlar, tematik görüşlər keçirilib.
Dövlət başçısının sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi çərçivəsində görülən tədbirlər barəsində danışarkən, mərkəzin bilavasitə təşkilatçılığı ilə Fridrix fon Ditsin “Kitabi Dədə-Qorqud” dastanı haqqında yazdığı müqəddiməsi və “Basatın Təpəgözü öldürdüyü” boyun 25 dilə (bunlar arasında dünyanın aparıcı dilləri, eləcə də Azərbaycandakı milli azlıqların dilləri də var) tərcümə edilərək ayrıca kitablar şəklində nəşr olunmasını qeyd etmək lazımdır. Qısa vaxt ərzində bu nəşr böyük populyarlıq qazanıb, çoxlu sayda təqdimatları keçirilib.
-2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib...
-Azərbaycan prezidentinin 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi barəsində qərarı multikulturalizm və tolerantlığın respublikanın daxili və xarici siyasətinin ayrılmaz hissəsi olmasının göstəricisidir, multikulturalizm təhlükəsizliyinin təmin edilməsi isə ölkə üçün prioritet vəzifələrdən biridir. Və biz əldə etdiyimiz nailiyyətlərin daha da inkişaf etdirilməsi üçün əlimizdən gələn hər şeyi edirik. Multikulturalizm ideyalarının, onun Azərbaycan modelinin səmərəli təbliği məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həyata keçirilən layihələr üzərində işi davam etdirəcək, eləcə də yeni layihələr işləyib hazırlayaraq reallaşdıracaq.
Artıq xatırlatdığım kimi, uzunmüddətli şəkildə həyata keçirməyə ümid etdiyimiz beynəlxalq qış məktəbi ilə yanaşı, 2016-cı ildə bir sıra xarici ali məktəblərdə BBMM-in nümayəndəlik və filiallarını açmağı planlaşdırmışıq.
2016-cı ildə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi qaynaqları” adlı kitablar işıq üzü görəcək, həmçinin “Azərbaycan multikulturalizmi” dərsliyi üzərində iş davam etdiriləcək.
2016-cı ildə “Renessans” adlı rüblük elmi-publisistik bədii jurnal dərc edilməyə başlayacaq. Bu jurnalda müntəzəm olaraq etnik mədəni irs, müxtəlif regionların adət və ənənələrinə həsr edilmiş materiallar dərc ediləcək. “Kultura+” internet televiziyasının başlatdığı və davam etdirdiyi işi əhəmiyyətli dərəcədə genişləndirməyi və tematik cəhətdən gücləndirməyi düşünürük.
2016-cı ildə mərkəzin prioritetlərindən biri həyata keçirilən layihələrə bu və ya digər səbəblərdən universitetlərdə təhsil almayan gənclərin cəlb edilməsi olacaq.
Bu, bizim işimizin kifayət qədər maraqlı tərəfidir, biz bunu ölkənin bütün regionlarında həyata keçirəcəyik.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət