Azərbaycanda 4 əsas istiqaməti əhatə edən iqtisadi islahatlar konsepsiyası manatın likvidliyinin artırılması üzrə tədbirlərin görülməsini nəzərdə tutur. Bu barədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində məlumat verib.
“Birinci istiqamət maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, eyni zamanda, bu sahədə maliyyə intizamının möhkəmləndirilməsidir. Amma maliyyə resurslarından düzgün, səmərəli istifadə və maliyyə resurslarını sonradan əlavə dəyərə çevrilməklə ümumi daxili məhsulun həcminin artırılmasında iştirak prinsiplərinin tənzimlənməsi ən prioritet istiqamətdir. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məqsədlə yaradılıb. Palatanın bütün təşkilati məsələləri fevral ayında həll olunacaq, normativ hüquqi aktlar hazırlanıb qəbul ediləcək. Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda, Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq”,- deyə o qeyd edib.
N.Əmirovun sözlərinə görə, ikinci əsas istiqamət ixracın stimullaşdırılmasıdır. “Bu gün dünya iqtisadiyyatı yeni çağırışlarla üzləşir. Azərbaycan iqtisadiyyatı bu çağırışlara cavab verməlidir. Bunun üçün cənab Prezident ixracı təşviq edəcək, stimullaşdıracaq bir qurumun yaradılması və onun konsepsiyasının hazırlanması barədə tapşırıq verib. Əslində bunun əsas konturları hazırdır. Beynəlxalq ekspertlər cəlb edilməklə bunun yekunlaşdırılması işləri görülür.
Bu qurum həmin konsepsiyanın tələblərinə uyğun olaraq, ilk növbədə, qonşu ölkələrin iqtisadiyyatının tərkibini, strukturunu araşdıracaq, həmçinin Azərbaycanın qonşu ölkələrin bazarlarına hansı məhsulları ixrac edə biləcəyini müəyyənləşdirəcək. Məhz bundan sonra biz daxildə həmin istehsalı təşviq edəcək siyasəti həyata keçirəcəyik. Bütün bunlardan məqsəd ölkəmizi inkişaf etdirmək, “Made in Azerbaijan” brendinin tanıdılmasına nail olmaqdır. Bunun üçün investorların cəlb edilməsi nəzərdə tutulur”, - deyə iqtisadi islahatlar üzrə köməkçi bildirib.
Onun sözlərinə görə, hazırda beynəlxalq ekspertləri cəlb etməklə həmin özəlləşmə proqramının hazırlanması üzərində iş gedir.
“Ölkə başçısı göstəriş verib ki, bu özəlləşdirmə proqramı indiyədək mövcud olan proqramlardan kəskin şəkildə fərqlənməlidir. Yəni, bu proqram çərçivəsində özəlləşdirilən obyektin, istehsalat müəssisəsinin və yaxud hər hansı digər obyektin özəlləşdiriləndən sonra aktiv fəaliyyətini təmin edəcək investisiya proqramları olmalıdır. Yeni özəlləşmə proqramı beynəlxalq tələblər çərçivəsində hazırlanacaq və şəffaf şəkildə ictimaiyyətə təqdim olunacaq”,- deyə dövlət başçısının köməkçisi əlavə edib.
Üçüncü əsas istiqamət daxili bazarın formalaşdırılması və idxaldan asılılığa son qoyulmasıdır.
“Artıq yanvar ayından etibarən Azərbaycanın idxal prosesləri, gömrük orqanları tərəfindən idxal mallarının rəsmiləşdirilməsində şəffaflıq və bu istiqamətdə digər müvafiq orqanlarda atılan addımlar sahibkarlıq mühiti üçün çox əlverişli bir şərait yaradıb. Ancaq idxal mallarının kütləvi şəkildə Azərbaycana daxil olması artıq bizim yerli istehsalçıları narahat etməyə başlayıb. Bu gün çoxlu sayda yerli istehsalçı müraciət edir və onların idxal malları ilə rəqabətini tənzimləyəcək qaydaların yaradılmasını xahiş edir. Yerli istehsalın təşviqi, stimullaşdırılması və idxaldan asılılığın azaldılması bu gün qarşıda duran başlıca vəzifədir. Ancaq cənab Prezidentin qeyd etdiyi kimi, biz xarici bazarlardan Azərbaycana daxil olan idxal mallarını məhdudlaşdırmaqla yerli istehsalı inkişaf etdirə bilmərik. Belə halda rəqabət aradan qalxar və yerli istehsalçılarda bir növ arxayınlıq yaranar. Məqsəd sağlam rəqabəti inkişaf etdirməkdir”,- deyə N.Əmirov əlavə edib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin islahat konsepsiyasının çox önəmli istiqamətlərindən biri də dövlət satınalmaları yolu ilə sahibkarları, xüsusilə kənd təsərrüfatı məhsulu istehsalçılarını stimullaşdırmaqdır.
“Dövlət başçısının tapşırığı ilə indi elə bir yeni sistem hazırlanır ki, kənd təsərrüfatı məhsulu istehsalçılarına hətta bir il əvvəldən dövlət öz sifarişlərini verəcək. Bunun çox böyük üstünlükləri var. Çünki sahibkar biləcək ki, yetişdirdiyi məhsulu bazarda tam sata bilmədikdə qalan hissəni dövlət ondan alacaq. Yəni, dövlət – büdcə təşkilatları və digər təşkilatlar alıcı qismində çıxış edəcək. Hazırda bu mexanizm üzərində iş gedir. Düşünürəm ki, yaxın qısa müddət ərzində bu layihə də başa çatacaq, müvafiq qanunvericilik aktları hazırlanacaq. Yəni, ilk növbədə, kənd təsərrüfatı məhsulu istehsalçılarımız, gələcəkdə isə digər yerli istehsalçılarımız ən azı dövlətin ehtiyacları qədər sifarişləri almaq imkanına malik olacaqlar. Bu proses çox şəffaf, internet üzərindən olacaq. İnsanlarımız, sahibkarlarımız, eyni zamanda, ictimai nəzarəti təmin etmək üçün digər qurumlarımız bu prosesi şəffaf şəkildə izləyə biləcəklər. Göründüyü kimi, dördüncü əsas istiqamət sahibkarlığın inkişafına dövlət dəstəyinin prioritet istiqamət olduğunu təsdiq edir. Dövlət bütün bürokratik əngəlləri aradan qaldırır, sahibkarlara hər cür kömək göstərir”,- deyə o bildirib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət