“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın 4 bankının – Azərbaycan Beynəlxalq Bankı (ABB), «Kapital Bank» ASC, «Xalq Bank» ASC və «Bank Respublika» ASC-nin baza və təshih edilmiş kredit qiymətlərini, eləcə də milli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Bu kredit təşkilatları Azərbaycanın aparıcı banklarının TOP-5-nə daxildir.
ABB-nin milli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnoz “müsbət”dən “sabit”ə dəyişdirilib.
“Kapital Bank” və “Xalq Bank”ın milli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnoz “sabit”dən “mənfi”yə, “Bank Respublika”nın – “müsbət”dən “mənfi”yə dəyişdirilib.
Məlumata görə, reytinq hərəkətləri COVID-19 pandemiyasının yayılması, neftin ucuzlaşması və ölkə banklarının avtonom kredit portfellərinin azalması riskləri nətiəsində Azərbaycanda əməliyyat mühitinin pisləşməsini əks etdirir.
“Moody`s” gözləyir ki, Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı mübarizə istiqamətində gördüyü sərt tədbirlər iqtisadi fəallığa mənfi təsir göstərəcək. Bu təsirlər neft sahəsinin ölkə iqtisadiyyatı üçün vacibliyini nəzərə alaraq neftin ucuzlaşması ilə daha da dərinləşəcək.
"Koronavirusla bağlı məhdudiyyətlər, ehtimal ki, kiçik və orta müəssisələrə, eləcə də qeyri-ərzaq məhsullarının pərakəndə ticarəti, ictimai iaşə, nəqliyyat, turizm və digər sektorlarda məşğul olan şəxslərə təsir göstərəcək. İqtisadiyyata və kiçik və orta müəssisələrə dəstək tədbirlərinin həyata keçiriləcəyinin elan olunmasına baxmayaraq, reytinq agentliyi problemli kreditlərin və risk dəyərinin əhəmiyyətli dərəcədə artmasını gözləyir, çünki şirkətlər və fərdi şəxslər iqtisadi şəraitdə qəfil dəyişikliklərin öhdəsindən gəlməyə çalışırlar. Neftin ucuzlaşması manatın dəyərdən düşməsi riskini artırıb ki, bu da bankların riskli aktivlərinin, yüksək dollarlaşma payına malik aktivlərin həcminin artmasına gətirib çıxaracaq ki, nəticədə kapitallaşma da azalacaq. Azərbaycan banklarının (ABB-dən başqa) yuxarıda qeyd olunan reytinqlərinə verilən mənfi proqnozlar bu bankların daxili maliyyə dayanıqlılığına təzyiqi əks etdirir", - deyə reytinq agentliyinin analitikləri hesab edirlər.
“Moody`s” qeyd edir ki, ABB-nin milli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnozun “müsbət”dən “sabit”ə dəyişməsi bankın kredit qabiliyyətinin yuxarıda qeyd olunan xarici təsirlərə nisbətən daha dayanıqlı olduğunu əks etdirir.
“Bir tərəfdən, ABB daha zəif iqtisadi mühit və koronavirusun yayılması fonunda borcalanların kredit qabiliyyətinin gözlənilən pisləşməsi ilə bağlı kredit risklərinə, habelə onun 1 mart 2020-ci il tarixinə 1,4 milyard manat təşkil edən qısa valyuta mövqeyi ilə bağlı bazar risklərinə məruz qalıb. Eyni zamanda, kredit portfelinin payı nisbətən məhduddur və 2019-cu ilin sonuna aktivlərin ümumi həcminin 23%-ə qədərini təşkil edir, halbuki ən iri həcmli borclar zərurət yarandığı təqdirdə dövlət dəstəyinə ümid edə biləcək dövlət şirkətlərinə verilir", - deyə məlumatda vurğulanır.
“Moody`s” ABB-nin kapitalının adekvatlıq əmsalının 2019-cu ilin sonuna 33,1% səviyyəsində olduğunu qeyd edir və hesab edir ki, bankın kapitalının ilkin rezervlərdən əldə edilən gəlirlə birlikdə amortizasiyası kredit portfeli üzrə yüksək rezervasiya xərclərini ödəmək üçün kifayət qədər güclüdür.
Agentlik hesab edir ki, təmin olunmamış istehlak kreditləşməsindən (2019-cu ilin ortalarına ümumi kredit portfelinin 73%-ni təşkil edib) yüksək asılılıq koronavirusla əlaqədar iqtisadi vəziyyətin daha da pisləşəcəyi və ya neftin qiymətinin uzun müddət ucuzlaşacağı fonunda “Kapital Bank”ın aktivlərinin keyfiyyətinin pisləşməsinə səbəb olur. Bu, milli və xarici valyutada bank depozitlərinin uzunmüddətli reytinqləri üzrə proqnozun “sabit”dən “mənfi”yə dəyişməsində öz əksini tapıb.
“Bank 2019-cu ili 134,7 milyon manat məbləğində xalis mənfəətlə başa vurub ki, bu da ümumi aktivlərin 3,3%-lik rentabelliyi deməkdir. Bundan başqa, bank 1 mart 2020-ci il tarixinə 1-ci dərəcəli yüksək kapital adekvatlığı göstəricisinə (14,9%) malikdir”, - deyə agentliyin mütəxəssisləri bildirirlər.
Agentliyin məlumatında qeyd edildiyi kimi, “Xalq Bank”la bağlı reytinq hərəkətləri bir tərəfdən, bankın aktivlərinin keyfiyyət göstəricilərinin borcalanların kredit qabiliyyətinin zəifləməsinə qarşı yüksək həssaslığını, digər tərəfdən, ehtiyatların formalaşmasından əvvəl bankın sabit mənfəəti və kapitalın yetərliliyini əks etdirir ki, bunların da neqativ effekti bir qədər zəiflədəcəyi gözlənilir.
“2020-ci il fevralın 1-nə xarici valyutada kreditlər bankın ümumi kredit portfelinin 76%-ni təşkil edib ki, bu da bütün sektorda ən yüksək göstəricidir. Borcalanların təxminən yarısı xarici valyutada olan borcun ödənilməsi üçün bu valyutada kifayət qədər gəlirə malikdir, bu isə bankı və borcalanları neftin uzun müddət ucuzlaşacağı fonunda manatın devalvasiyası risklərinə qarşı olduqca həssas edir. “Xalq Bank” kiçik və orta müəssisələr, istehlak kreditləri və koronavirusun yayılmasının fəsadlarına qarşı daha həssas olan sahələrdən məhdud asılılığa malikdir, lakin bankın kreditlərinin təxminən 10%-i ticarət şirkətlərinə və otellərə verilir", - deyə məlumatda qeyd olunur. Bununla belə, bankın kapitallaşması sabitdir: 2019-cu il fevralın 1-nə 1-ci dərəcəli kapital adekvatlığı əmsalı 20,4% təşkil edib ki, bu da minimal normativ tələblərdən olduqca yüksəkdir.
“Bank Respublika”ya münasibətdə reytinq hərəkətləri borcalanlardan, xüsusilə kiçik və orta müəssisələrdən (2019-cu ilin ortalarına kredit portfelinin 55%-i) və fiziki şəxslərdən (24%) yüksək asılılıq bankın risk profilinin xarici təsirlərə qarşı daha həssas olduğunu əks etdirir.
Eyni zamanda, “Bank Respublika” sərt anderraytinq standartlarına, kiçik kredit portfelinə (2019-cu ilin sonuna ümumi aktivlərin 34%-i), eləcə də xarici valyutada məhdud kreditləşməyə (ötən ilin sonuna brutto-kreditlərin 16%-i) malikdir. 2019-cu ildə “Bank Respublika”nın vergi ödənilənədək xalis mənfəəti 20,4 milyon manat, 1 mart 2020-ci il tarixinə 1-ci dərəcəli kapital adekvatlığı əmsalı 10,3% təşkil edib.
“Moody`s” ABB və “Kapital Bank”a dövlət dəstəyinin göstəriləcəyi ehtimalının yüksək olduğunu qeyd edir, “Xalq Bank”a analoji dəstək ehtimalı isə orta olaraq qalır ki, bu da birinci iki bankın ölçüsü və sistem əhəmiyyəti ilə şərtlənib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət